Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən XI “Azərbaycan ailəsi” film festivalına yekun vurulub.

Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində XI “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində təşkil olunan “Həyatdan şəklə” fotomüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təqdim olunan işlər elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Mərasimdə çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qurum ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması istiqamətində bir sıra layihələr reallaşdırır: “11-ci dəfə keçirilən film festivalı da onlardan biridir. İldən-ilə iştirakçılarının sayı artan festival artıq beynəlxalq status qazanmağa başlayır”.

Komitə sədri qeyd edib ki, ailə vətəndaş cəmiyyətinin əsası, insanın ilk sosial mühitidir. Bu institutun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Bu sahədə dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla inkişaf etdirilir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxışında komitənin gördüyü işlərə görə minnətdarlığını bildirib və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Münsiflər heyəti adından Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, festival yaratmaq asan, onu yaşatmaqsa çətindir. Layihə çərçivəsində ailə anlayışı ilə bağlı mövzular hüdudsuzdur. Burada mədəniyyət, təhsil, sağlamlıq və digər sahələrin önündə ailə institutunun gəldiyi göstərilir.

Mərasim mükafatlandırma ilə davam edib. “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli film”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər təltif edilib. Əsas nominasiyalarla yanaşı, qarşıya qoyulan mövzuları əks etdirən, ictimaiyyətin diqqətini çəkə biləcək bir neçə film də mükafatlandırılıb. Ümumilikdə 14 iştirakçı təltif edilib.

Qeyd edək ki, martın 1-də başlayan festivala 49 film təqdim edilib. Ümumilikdə isə 11 il ərzində müsabiqəyə 345 rejissorun 386 filmi, o cümlədən 42 xarici (Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakeş və Fransa) film və 144 fotoqrafın 527 foto işi təqdim edilib.

L.AZƏRİ