Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən noyabrın 19-da ümumşəhər tədbiri keçirilib.
Şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiəti ilə hərbçilərin keçidi olub. Sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər.
Həmin gün axşam Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda açıq havada şəhər İcra Hakimiyyəti tərəfindən respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunub.
Xatırladaq ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.