Müdafiə Nazirliyinin Beyləqan Qarnizonunun hərbçiləri noyabrın 18-də Şəki şəhərində qarışıq tipli Uşaq evinin balaca sakinlərinin qonağı olub, gətirdikləri hədiyyələrlə uşaqları sevindiriblər.

Görüşdə Aprel döyüşlərinin (2016) iştirakçıları olan əsgər və zabitlər, həmçinin musiqili proqramla Füzuli Dövlət Dram Teatrının kollektivi və Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndələri iştirak ediblər.

Hərbçilər komandanlıq adından uşaqları 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edərək, onlara bayram hədiyyələri paylayıblar. Bundan əlavə, Uşaq evinin noyabrda doğum gününü qeyd edən 6 sakini hərbçilər tərəfindən xüsusi olaraq mükafatlandırılıb. Sonra söz musiqiyə verilib. Təqdim olunan rəqslər, şən mahnılar, klounların çıxışları uşaqlara xoş ovqat bəxş edib.

Uşaq evinin direktoru İlhamə Məmmədova göstərilən diqqət və qayğıya görə hərbçilərə təşəkkürünü bildirib.