Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə noyabrın 19-da Gəncə Dövlət Universitetində intellektual turnirin üçüncü mərhələsi keçirilib.

Turnirdə Gəncə, Bərdə, Ağcabədi, Ağdaş Regional Mədəniyyət İdarələri, həmçinin Gəncə Dövlət Universitetinin mədəniyyət könüllüləri təmsil olunub.

Mərkəz tərəfindən gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin ilk mərhələsi oktyabrda Şamaxı şəhərində, ikinci mərhələsi isə Lənkəranda təşkil olunub.

Bu mərhələlərə mədəniyyət könüllüləri və Sumqayıt, habelə Xəzər və Masallı komandaları final mərhələsinə vəsiqə qazanıb.

İntellektual turnirin üçüncü mərhələsində iştirak edən 5 komanda dünya və Azərbaycan mədəniyyətinə dair 24 suala cavab verməli idi. Oyunun qalibi Gəncə Regional Mədəniyyət İdarəsinin komandası olub. İkinci yeri Gəncə Dövlət Universitetinin könüllüləri və üçüncü yeri Ağcabədi Regional Mədəniyyət İdarəsinin komandası tutub.

Dekabrın 8-də Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan komandalar diplom və həvəsləndirici hədiyyə ilə təltif olunublar.