Tanınmış sovet kinorejissoru Roman Karmenin 1959-cu ildə Xəzər neftçilərinin əməyini dünyada məşhurlaşdıran “Dənizi fəth edənlər” sənədli filminin çəkməsi və bir il sonra həmin filmin SSRİ-nin ən yüksək mükafatına – Lenin mükafatına layiq görülməsi Azərbaycanda yaşayan hər kəs üçün qürurverici hadisəyə çevrilmişdi. 57 dəqiqə davam edən bu filmdə yer alan fədakar əmək adamlarının hamısının adı qısa zamanda bütün respublikaya yayıldı.
1949-cu ildə kəşf olunmuş dəniz yataqlarında “qara qızıl”ı milli sərvətə çevirməyi bacaran Azərbaycan neftçilərinin, xüsusilə də onların arasında kişilərlə bərabər çalışan qadınların əməyi 1954-cü ildə Moskvadakı V.İ.Surikov adına Rəssamlıq İnstitutunu bitirib Bakıya qayıdan gənc rəssam Vəcihə Səmədovanı (1924-1965) da qürurlandırmış, onun ilhamını qanadlandırmışdı. Xəzrili-gilavarlı dənizi ram edən həmin gənc neftçilərdən biri də geoloq Minirə Məmmədbəyli idi. Odur ki, rəssam bu qadının portretini çəkməyə qərar verir...
Rəssam üçün Minirə Məmmədbəylinin çalışdığı Neft Daşlarına – el arasında “Yeddi gəmi adası” kimi tanınan dəniz mədənlərinə getmək elə də çətinlik törətmədi. Öz qəhrəmanını tapmağa da uzun vaxt sərf etmir. Burada hər kəs gənc qadın neftçi-geoloqu çox yaxşı tanıyırdı. Onların ilk görüşü elə də uzun çəkmir. Rəssamın əsas məqsədi onu portretini çəkməyə razı salmaq idi. Minirə çox düşünmədən Vəcihənin təklifinə müsbət cavab verir. Portret üzərində işə isə neftçinin dəniz növbəsi bitəndən sonra şəhərdə başlamağa qərar verirlər...
Bu gün Vəcihə Səmədovanın yoxluğu – onun 41 yaşında dünyasını dəyişməsi bizə əsərin yaranma tarixini bütün təfsilatı ilə öyrənməyə imkan verməsə də, portret qəhrəmanının həyatda olması əsər ətrafında baş verənlərə aydınlıq gətirməyə imkan verdi. Bu mənada 59 il əvvəl məşhur rəssamımız tərəfindən çəkilmiş portretin qəhrəmanı – ömrünün 87-ci baharını yaşayan Minirə Məmmədbəyli ilə bu günlərdə baş tutan görüşümüzü həm də tarixi saymaq olar. Çünki bu söhbətdə milli təsviri sənət tariximizi zənginləşdirə biləcək məlumatlar kifayət qədər idi.
Bu yerdə sözü Minirə xanımın özünə vermək istərdik: “Vəcihə xanımla görüşümüzü indi də yaxşı xatırlayıram. Elə ilk ünsiyyətdən onun davranışındakı səmimilik çox xoşuma gəldi. Bir az da qarayanız olan Vəcihə xanımın həlimliyi, sözün əsl mənasında, məni ovsunlamışdı. Odur ki, təklifinə “yox” deyə bilmədim. Növbədən qayıdandan sonra ilk işim ona zəng etmək oldu. Sözləşdik ki, Dənizkənarı bulvarda görüşək. Axşamtərəfi baş tutan görüşümüzdə çox şeylərdən danışdıq. Aramızdakı yaş fərqi o qədər də böyük deyildi. Hər ikimizin ürəyi dolu idi. İkimizin də arzularla yaşadığımız vaxtlar idi. Əsas “fərqimiz” onun evli, mənimsə subay olmağım idi. Sonralar portret hazır olanda başa düşdüm ki, nə üçün o, tez-tez dənizin fonunda ayaq saxlamaqla məni də dayanmağa məcbur edər, diqqətlə üzümə və arxamdakı günəşin qürub etməsinə göz qoyardı. İndi bildim ki, o məni kətan üzərində mənə doğma olan dənizlə əlaqəli təsvir etmək istəyirmiş...
Bu bizim onunla yeganə görüşümüz olmadı. Sonralar dəfələrlə bizim evdə, onun emalatxanasında görüşdük. Onun məni tanımaq prosesi, mənim qənaətimcə, bir az da uzandı. Səbirsizlik edib bunu ona çatdıranda da inciməzdi. Xətrimə dəyib, etiraz etməz, yalnız gülümsəyərdi: “Minirə, portret çəkmək, neft çıxarmaqdan asan deyil ha! Səbirli ol!” – deyər, axtarışlarını davam etdirərdi”.
Beləcə, kağız və karton üzərində başa çatan hazırlıq işlərindən sonra – gələcək portret üçün uğurlu – səciyyəvi poza tapılmasının ardınca Vəcihə xanım kətanda işə başlayır.
İlk dəfə 1963-cü ildə Bakıda keçirilən “Bizim müasirimiz” adlı respublika sərgisində ictimaiyyətə təqdim olunan bu portreti zaman distansiyasından dəyərləndirməli olsaq, onun XX əsr Azərbaycan portret janrında özünəməxsus yer tutduğunu deməliyik. Zamanında portretdə romantik tutumda təqdim olunmasından bir o qədər də razı qalmayan Minirə xanım bunu rəssamın özünə deməkdən də çəkinməmişdi. Rəssam isə ona “Müəllim və yaxud həkim olsaydın, səni başqa cür təqdim edərdim!” – cavabını vermişdi...
Qənaətimizcə, o vaxtlar rəssam belə düşünməkdə haqlı imiş. Onun niyyəti açıq dənizdə neft çıxaran, hər cür çətinliklərə qatlaşa bilən gənc qadın-geoloqun obrazını yaratmaq idi. Başqa sözlə desək, onun kətanda əbədiləşdirdiyi adi qadın obrazı olmamalı, şaquli formata malik portretdə geoloq qadının çox səciyyəvi və yaddaqalan obrazı yaradılmalıydı. Odur ki, rəssam Dənizkənarı bulvarda, mənzil və emalatxanada müşahidə etdiyi Minirənin sakit, bir az da donuq duruşuna duyulası dinamika qatmış, küləyin təsirindən özünü qoruyan geoloqun təbiətin hər cür sınağını dəf etməyə hazır olduğunu göstərmək istəmişdi. Odur ki, üst geyimi küləyin gücündən ekspressiv tutum alan geoloqun fiqurunun ümumi tutumunda rənglərlə ifadə olunmuş qeyri-adi dinamika duyulmaqdadır. Qürub mənzərəsinə bələnmiş suların bəyaz görkəmi qarşısında görüntüyə gətirilmiş obrazın dağınıq saçının qara, geyimin müxtəlif – baş örtüyünün ağ, köynəyinin tünd-göy, donun bozumtul – qəhvəyi rənglərlə təqdim olunmuş dinamik tutumunda da məkana hakim olan gərginliyin əlamətləri görünəndir. Çəkdiyi əksər qadın portretlərində üz cizgilərini daha dəqiq ifadə etməyə üstünlük verən rəssam geoloqun ciddi baxışlarını əhatələyən çöhrəsini bir qədər fərqli – duyulası ümumiləşdirmə ilə əks etdirmişdir. Geoloqun çöhrəsindəki cizgilərin bir qədər də qrafik estetika ilə gerçəkləşdirilməsi, yaşananlarda mövcud olan ekspressiyanın daha inandırıcı və təsirli ifadəsinə imkan vermişdir...
1960-cı ildə kətan üzərində yağlı boya ilə 100x75 sm ölçüsündə yaradılan və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən bu portretin zamanında bir çox xarici ölkələrdə SSRİ təsviri sənətini təmsil etməsi ilə yanaşı, bu günə kimi XX əsr Azərbaycan portret janrının ən uğurlu əsərlərindən hesab olunması onun zamansızlığa qovuşduğunu təsdiqləyir.
Bu yazıda geoloqun bioqrafiyasına azacıq da olsa işıq salmaqla, yəqin ki, onun heç də təsadüfən Vəcihə Səmədovanın qəhrəmanına çevrilmədiyinə əmin ola bilərik. 1932-ci ildə Bakıda anadan olan Minirə xanım Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsində təhsil almışdır. Hələ tələbə ikən Bayıldakı neft mədənlərində gecə növbəsində neftçıxarma operatoru işləmiş, sonra fəaliyyətini Neft Daşlarında davam etdirmişdir. Gənc geoloq görkəmli alim Fuad Səmədovun təklifi ilə özünün həm də elm sahəsində potensialını ictimailəşdirmişdir. 1967-ci ildə “Neft-qaz yataqlarında qazma dərinliyinin artması ilə əlaqədar kollektor xüsusiyyətlərinin azalması” mövzusunda dissertasiya müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-1984-cü illərdə bilavasitə elmi yaradıcılıqla məşğul olmuşdur. 1984-1987-ci illərdə Vyetnam Sosialist Respublikasında neft yataqlarının istismarı işlərində çalışmışdır. 1987-ci ildə vətənə qayıdan Minirə xanım 2007-ci ilə kimi “Dənizneftqazlayihə” elmi müəssisəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Həmkarı Sədrəddin Həmidovla ailə quran Minirə xanım bu gün üç qızının və nəvələrinin əhatəsində Bakıda yaşayır. Əməyi dövlət tərəfindən yüksək dəyərləndirilən Minirə Məmmədbəyli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor