Təşkilatla geniş əməkdaşlıq, yaradıcı sənayelərin inkişafı istiqamətində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb
Noyabrın 27-də Parisdə UNESCO-nun “Dünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası işə başlayacaq. Sessiyada iştirak məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev UNESCO-nun baş direktoru Odre Azuley ilə görüşüb.
Görüşdə Azərbaycan-UNESCO əlaqələri, “Bakı Prosesi” çərçivəsində təşkil edilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul şəhərinin tarixi və mədəni irsinin bərpasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xanım Odre Azuley Dünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Baş direktor Azərbaycana ilk səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.
Əbülfəs Qarayev öz növbəsində 19 noyabr tarixində UNESCO-nun mənzil-qərargahında keçirilmiş I Mədəniyyət Nazirləri Forumunun əhəmiyyətini qeyd edərək tədbirin formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Nazir Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə görə təşəkkürünü bildirib və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləyib.
Nazir, həmçinin 27 noyabr tarixində UNESCO-nun mənzil-qərargahında təşkilatın “Dünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Dünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirib.
Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESCO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.