Noyabrın 25-də Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılış mərasimi oldu.

Beşinci dəfə keçirilən film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin birgə layihəsidir.

Tədbirdə Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək xalqlarımızın qardaşlıq münasibətlərindən söz açdılar. Vurğulandı ki, Azərbaycan və Türkiyə bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir vuran iki dövlətdir.

“Türk filmləri həftəsi” kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən natiqlər Türkiyə kinosunun keçdiyi inkişaf yolundan da bəhs etdilər.

Çıxışlarda qardaş ölkələr arasında mədəni körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyi vurğulandı. Qeyd olundu ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri eyni zamanda türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bu gününü tamaşaçılara çatdıracaq. Vurğulandı ki, gələcəkdə bu layihə çərçivəsində Azərbaycanın digər bölgələrində də türk filmləri təqdim olunacaq.

Tədbirdə Türkiyədən gələn sənət adamlarına xatirə plaketləri təqdim olundu.

Açılış mərasimində “Locman” filminin rejissoru Şükrü Alaçam, ekran əsərində rol alan aktyorlar Yeliz Kuvancı və Nisa Sofiya Aksonqur, “Çakallarla dans – 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla İrmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak edirdilər.

Sonra qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxdılar.

Qeyd edək ki, həftə ərzində Nizami Kino Mərkəzində noyabrın 27-də “Annem” və “Çakallarla dans – 5”, noyabrın 28-də “Çakallarla dans – 5” və “Kapan”, noyabrın 29-da isə “Annem” bədii və “Rafadan tayfa” cizgi filmləri təqdim olunacaq.

Seanslara giriş sərbəstdir.

FARİZ