O, böyük kinodakı böyük yerindən yaddaşımıza məhz ağ-qara kadrlarla yazılıb. Amma buna rəğmən o gülüş, o dərin baxış və böyük adamın istiliyi, sevgisi, səmimiyyəti, saflığı dünyanın ən möhtəşəm rənglərinin toplusuna çevrilə bilib.
130 yaşlı Çarli Çaplin yenidən kinosevərlər tərəfindən alqışlandı, sevgi yağışına qərq oldu...
Noyabrın 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə dünya kinosunun görkəmli siması Çarli Çaplinin 130 illik yubileyinə həsr olunmuş gecə keçirildi.
Mədəniyyət və incəsənət xadimlərinin, kino təmsilçiləri və kinosevərlərin qatıldığı gecədə aktyorun yaradıcılıq yoluna nəzər salındı.
Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin bələdçiliyi ilə Çarli Çaplin dünyasına səyahət edən kinosevərlər onu təkcə aktyor, unudulmaz obrazlara həyat verən usta oyunçu kimi yox, həm də musiqiçi, bəstəkar, elə ifaçı kimi də kəşf etdilər.
Aktyorun zəngin yaradıcılıq yolunun əks olunduğu gecədə dünya kinosunun bilicilərindən olan Ayaz Salayevin təqdimatında Çaplini yenidən kəşf edib onun sənət dünyasına daxil ola bildik.
Qeyd olundu ki, hələ 5 yaşından ilk obrazını oynayan, uşaqlıq ağrılarını teatr səhnəsinə, kinoekrana, musiqiyə, ümumilikdə insan duyğularının bəşəri təsvir dilinə çevirən Çarli Çaplin bənzərsiz ifa manerası və ən əsası tamaşaçı ilə sözsüz ünsiyyət dili olan aktyor kimi milyonlarla tamaşaçının qəlbində özünə yer qazanıb. Əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazandı və təbii ki, bu uğurda bir cüt ayaqqabı, nimdaş şalvar, balaca bir pencək və Mark Tvenin yalançı bığının birləşməsi bənzərsiz bir obraza çevrildi.
“Uşaq”, “Qızıl hərisliyi”, “Yeni zamanlar”, “Böyük diktator”, “Böyük şəhərin işıqları” filmləri ilə kinoya öz obrazının möhürünü vuran aktyor heç vaxt öz ampluasını tərk etmədi. Aradan keçən uzun illər və obrazının təkrarlandığı minlərlə cəhdin heç biri tamaşaçının yaddaşındakı Çaplini dəyişə bilmədi.
Çaplini sənət möcüzəsi sayan A.Salayev onu hər anımızın ekran əksi adlandırdı.
Bildirdi ki, o, sanki dünyadakı bütün insanların ekran təsviri, bütün bəşəriyyətə mərhəmət ismarışıdır. A.Salayevin Çaplinin kino mahnılarından, onun səssiz kinoya inad, alternativ kimi ərsəyə gətirdiyi mahnılarından söz açdı.
Gecədə aktyorun məşhur filmlərindən parçalar nümayiş olundu, Çaplini musiqiçi kimi də tanımaq imkanı qazanan kinosevərlər onun bəstələrindən ibarət konserti də izlədilər. Xalq artistləri Samir Cəfərov, Cavan Zeynallı və başqa müğənnilərin ifalarında səslənən musiqilər alqışlarla qarşılandı.
Əməkdar artist Bəhruz Vaqifoğlu Elza Seyidcahanın “Mən aktyoram” mahnısına qurduğu səhnəciyi nümayiş etdirdi.
HƏMİDƏ