Rəfiq Zəka Xəndanın 80 illik yubiley gecəsi
Noyabrın 27-də R.Behbudov adına Mahnı Teatrında Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair, ədəbiyyatşünas, filosof Rəfiq Zəka Xəndanın (1939-1999) 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açılış nitqində Rəfiq Zəka Xəndanı XX əsr Azərbaycan poeziyasında öz yeri olan qələm sahibi kimi dəyərləndirdi. Bildirdi ki, o, klassik poetik ənənələrin layiqli davamçısı kimi milli poeziyamıza dəyərli töhfələr bəxş edib. Görkəmli ədib yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərib, Mədəniyyət və İncəsənət Universitetində estetikadan dərs deyib.
Qeyd olundu ki, R.Z.Xəndanın heca və əruz vəznlərində qələmə aldığı əsərlərin mövzu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edir. Əsərləri müxtəlif dillərə tərcümə edilən müəllifin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda görkəmli sənət adamları - yazıçılar, şairlər və alimlər maraqlı fikirlər söyləyiblər. O həm də dram əsərləri yazıb.
Filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli çıxışında Rəfiq Zəkanın ömür yolundan və yaradıcılığından söz açdı. Bildirdi ki, şairin 23 yaşında “Çağlayan” adlı ilk kitabı işıq üzü görüb. O, kitabını unudulmaz Mikayıl Müşfiqə ithaf etmiş, nakam şairin arzusunu o adla əbədiləşdirməyə çalışmışdı.
Bildirildi ki, 30-dan çox kitabın müəllifi olan Rəfiq Zəkanın əsərləri ölkəmizlə yanaşı, qardaş Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilmiş, beynəlxalq Atatürk mükafatı laureatı idi. Qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyətində təmsil olunmuşdu. Kitabları Ankara və İstanbulda kütləvi tirajlarla çap edilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq simpoziumlarda iştirak edib. R.Zəka ötən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatında Azərbaycan şair və yazıçıları haqqında maraqlı yazılar dərc etdirib.
R.Zəka həm də bir alim kimi diqqət mərkəzində olub, bu gün də yaradıcılığından məhəbbətlə söz açılır. Çünki o, klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilirdi. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirmişdi. Tərcümə sahəsində də fəaliyyət göstərən şair dünya klassik ədəbiyyatı nümunələrini dilimizə çevirmişdi.
Qeyd olundu ki, nəğməkar şair kimi də xarakterizə olunan şairin şeirlərinə tanınmış bəstəkarlar tərəfindən sevilən mahnılar yazılıb. Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” və başqaları bu gün də müğənnilərimizin repertuarında geniş yer alır.
Çıxışlardan sonra R.Zəkanın şeirlərindən nümunələr səsləndirildi. Tanınmış və gənc musiqiçilər şairin sözlərinə yazılmış mahnıları ifa etdilər.
Sonda şairin oğlu Xəndan Rəfiq Zəka çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Savalan FƏRƏCOV