Noyabrın 27-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Nəsimi ili” çərçivəsində gənc rəssamların əsərlərinin sərgisi təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir. Vurğulanıb ki, 2019-cu ilin “Nəsimi ili” elan olunması da böyük şairə və onun yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir.

Nəsiminin yubileyinin hələ sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yüksək səviyyədə, o cümlədən UNESCO miqyasında qeyd olunduğunu deyən S.Novruzov əlavə edib ki, Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən yaradıcı insanların əməyini hər zaman qiymətləndirib, onların yubileyləri qeyd olunub. Müstəqillik dövründə isə bu proses daha geniş miqyas alıb.

YAP İcra katibinin müavini söyləyib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin yaradıcı insanları dövlətimizin qayğısını hər zaman hiss edirlər. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmçinin ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin qorunması, təmiri və bərpasını həyata keçirməkdədir.     

Bu gün təşkil olunan sərgidə Azərbaycan Rəssamlıq Akademiyası tələbələrinin əsərlərinin təqdim olunduğunu deyən natiq söyləyib ki, akademiyanın rektoru, görkəmli heykəltəraş Ömər Eldarov Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr verib. Hazırda akademiyanın tələbələri onun yolunu davam etdirilər.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov təşkil olunan bu sərginin əhəmiyyətini vurğulayıb. “Biz Nəsimi yaradıcılığını dərindən  öyrənməli və sevməliyik”, - deyən akademik diqqətə çatdırıb ki, bu sərgidə gənclərin təqdim etdiyi əsərlərdə Nəsimi ruhu, onun mübarizliyi öz əksini tapır.

Mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyət planı təsdiq olunub. Bu sərginin təşkil olunması da birgə fəaliyyət planının tərkib hissəsi hesab oluna bilər.

Vaqif Əliyev qeyd edib ki, “Nəsimi ili” çərçivəsində həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər təşkil olunub. Bütün bunlar Nəsimi yaradıcılığına verilən önəmin ifadəsidir. Vurğulanıb ki, gənc rəssamların əsərləri də böyük mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına olan ehtiramın təcəssümüdür.

Daha sonra sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara fəxri fərmanlar təqdim edilib.