“Cəfər Cabbarlı həftəsi”ndə oynanılan üçüncü tamaşa “Solğun çiçəklər” oldu.

Noyabrın 26-da Sumqayıt Dövlət Dram Teatrı böyük dramaturqun 120 illik yubileyi şərəfinə düzənlənən festival həftəsinə öz töhfəsini verdi. Sumqayıt teatrı hələ bu mövsümün əvvəlində “Solğun çiçəklər”i təhvil verdiyindən və təbii ki, ölkə mətbuatı tamaşa barədə məlumat və resenziyalar dərc etdiyindən, üstəlik, teatr cameəsində bu tamaşa barədə müsbət rəy formalaşdığından dolayı yubilyar şəhərdən gələn tamaşaya maraq çox idi. “Sumqayıtlıların “Solğun çiçəklər”inə baxmağa dəyər” niyyətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına üz tutanlar peşman olmadılar...

Gerçəkdən də, daha çox televiziya və kino lentlərindən tanıdığımız rejissor Elşən Zeynallı insan cəmiyyətində mənəviyyatın maddiyyata qurban getdiyini faciəli sonluqla bitirən “Solğun çiçəklər”ə çox maraqlı səhnə həlli tapıb.

Saranın halal haqqı olan, lakin atasının vəfatından sonra əlindən alınmış, Pərini “sərfəli nişanlı” məqamına qaldıran, sevgi, yoxsa sərvət dilemması qarşısında aciz qalan Bəhramın düşüncəsini alt-üst edən, sədaqətli nökər Əbdülün gözündə nifrət yuvasına çevrilən malikanə arxa planda qalır, hadisələr avanssenada (ön səhnə) – birbaşa tamaşaçının gözü qarşısında baş verir. Tamaşa bununla iki mühüm mətləbi seyrçiyə ötürür: yəni, sən də belə hadisələrin iştirakçısına çevrilə bilərsən, ikincisi, insan var olduqca həyat üçün ən vacib olanı onun şəxsi ləyaqəti, sevgiyə sədaqəti, həyatda öz gücünə ayaq üstə durub yaşamaq cəhdidir.

“Solğun çiçəklər” tamaşasında əsas rollarda əməkdar artistlər Sədaqət Nuriyeva (Gülnisə), İzaməddin Bağırov (Əbdül), Cəlal Məmmədov (Bəhram), aktyorlar Şəhla Məmmədova (Sara), İlahə Səfərova (Pəri) çıxış edirlər. Tamaşanın quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynli, musiqi tərtibatçısı İradə Muradovadır.

G.MİRMƏMMƏD