Noyabrın 26-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı çərçivəsində Xırdalan şəhər Heydər Əliyev Mərkəzində “Əl sənətləri texnologiyası – ebru” adlı tədris-metodiki vəsaitin təqdimatı keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev qədim köklərə malik ebru sənətinin tədrisi məqsədilə hazırlanan metodiki vəsaitlə bağlı məlumat verib. Vurğulayıb ki, unudulmaqda olan sənət növlərinin bərpası, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparılır, həmçinin regionlarda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərində ebru sənəti üzrə dərnəklərin açılması nəzərdə tutulur.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan sənət ənənələrimizin davam etdirilməsinin, o cümlədən ebru kimi qədim sənətlərin yaşadılmasını vacibliyini vurğulayıb.
Ebru sənəti ustası, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Zaur Orucov bu sənətin tarixindən danışaraq diqqətə çatdırıb ki, Nizami poeziyasında da ebru sənətindən bəhs olunub.
Çıxışlarda qeyd edilib ki, metodiki vəsait ebru sənətinin texnologiyası, bu sənət üzrə kurs proqramı və digər mövzuları əhatə edir və mədəniyyət evlərinin nəzdində yeni dərnəklərin açılmasına səbəb olacaq.
Sonda ebru sənətinə həsr olunmuş sərgiyə baxış keçirilib.