Birincini xalqımız, ikincini almanlar deyib, üçüncünü bəndəniz deyir – bu şair-alim-pedaqoqa dair

Ömrü uzunu hər şeyin vazehinə varmağa çalışmış Mirzə Şəfi Vazeh...

Bu adam tək elə kütləvi məktəblərdən xali soydaşlarına deyil, vətənində üç universitet bitirmiş bir alman şairinə – Bodenştedtə də müəllimlik edib. Bu universitetsiz müəllim Avropadan gələn o şair-tələbəyə bütün Şərq aləmini öyrədib, o isə, bu canlı universiteti bütün Qərbə tanıda-tanıda, özünü də məşhurlaşdırıb...

Sovet vaxtı biz şagirdlər bu kişinin “Ədəbiyyat müntəxəbatı”ndakı şəklini görərkən (elə sovetin təbliğatı sayəsində) “motalpapaq” deyib gülüşərdik. Tələbəliyimizdəsə (daha böyük Mirzəmizin öz “Molla Nəsrəddin”indəki “aynaya baxmaq” təklifinə əməl etdikdən sonra), gördük, özümüzə gülürmüşük...

Sonra öyrəndik ki, o rəhmətlik bu xalqın milli MİRZƏlik dövranının bünövrəsi imiş.

Mirzə Fətəlimizdən 18, Mirzə Ələkbərimizdən 68, Mirzə Cəlilimizdən 75 il öncə doğulub, ümummilli dərd-sərimizi, halət-ovqatımızı əyan-bəyan etmiş –

 

Bu ilk Mirzəmiz –

 

(əlbəttə, adı bizim, dadı Rusiyanın olmuş Mirzə Kazım bəyi istisna etməklə) bəlli Bodenştedt “tufanından” öncə də məşhurmuş. Dünyaya gözünü kasıblıqla açıb, gəncliyini məhrumiyyətlərlə keçirmiş bu müdrikin ömrünə, nəhayət, xəfifcə bir ruzi yeli də əsib. Belə ki, hərdən ona kömək əli uzadan, Bağdada səfərindəsə bir sufi dərvişlə tanış olub, onun fəlsəfi ideyalarının ardıcılına çevrilən Hacı Abdulla adlı bir ticarətçi Gəncəyə qayıtdıqdan sonra, Mirzə Şəfi üçün irfan işığına da çevrilir... 

Böyük Gəncə fəaliyyəti dövrü ardınca Tiflisə gedən bu soydaşımızı orada ikinci böyük mirzəmiz – Mirzə Fətəli Axundzadə, böyük ədəbi sehrbaz Fridrix Bodenştedt və (nəticədə) Avropa məşhurluğu gözləyirmiş.

1840-cı ildə Tiflisdəki qəza məktəbinə müəllim qəbul edilib, ömrünün sonunadək orada işləyən Vazeh azərbaycanlı şagirdlər üçün “Kitabi-türki” adlı dərs vəsaiti yazır (birazdan bu kitabdakı “müdrik deyimlər və təlimatlar” Bodenştedt tərəfindən mənimsəniləcək və müəllifi göstərilmədən təkrar-təkrar nəşr ediləcək).

Onun taleyini qarabaqara izləmiş “ədəbi kabus” – yaşca 25 il kiçik, təhsilcəsə müqayisəyəgəlməz dərəcədə üstün olan həmin Bodenştedt Moskvadan Tiflisə xarici dillərin tədrisi üçün gəlibmiş. Şərq dillərini də öyrənmək fikrinə düşən bu “mədəni” yarlıqlı əcnəbini tale, sən demə, qəribə bir oğurluq – poeziya plagiatlığı üçün də gətiribmiş. Maraqlıdır ki, bu oğurluq bizim bir sıra istedad və qabiliyyət doğruluğumuzu da üzə çıxaracaqmış. Bəli, Bodenştedtin sonralar yazacağı “Xatirələr”i bizim dilimizin, “kustar” dilçilərimizin, böyük şairlərimizin çox “dərəceyi-mərtəbə” və mətləblərindən xəbər verir: “O zaman mən Şərq dillərini öyrənmək istədim və tatar (türk) dilindən başladım. Çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılır. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilir”.

Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən öncə yazdığı həmin “Xatirələr”ində belə də heyrətlənəcəkdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, diktə etdiyi və sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!...”

Bu tədris üsulunun gücü ilə Bodenştedt Azərbaycan və fars poeziyasının gözəlliklərini incəliklərinə qədər mənimsəyir. Bundan çox məmnun olan sadədil (dədə-baba mentalitetli) Mirzə Şəfi isə öz “Hikmət açarı” kitabını (başqa sözlə, müəlliflik haqqını) ona bağışlayır...

...Həmin tarixədək heç bir tərcümə və ya orijinal əsər “müəllifliyindən” bu qədər şan-şöhrət qazanmamış Bodenştedtin bu “kitabı” (naşirin təklifilə) “Mirzə Şəfi nəğmələri” adıya təkrar (və az müddət ərzində fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə) nəşr edilir.

Bu uğurlar sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək eşqinə salacaq (guya bu şərqli obrazı onun canına-qanına o qədər hopubmuş ki, bir vaxtlar “öz şeirlərini belə “Mirzə Şəfi” adı ilə imzalayıbmış”), həqiqətlərdən xəbərsiz alman şərqşünaslığısa, bu etiraf-bəyanatı qeyd-şərtsiz qəbul edəcək...

 

Bəli...

 

1845-də Almaniyaya qayıdan Bodenştedt “Şərqdə 1001 gün” adlı kitab yazır. Hələ “Məhəbbət-Adam”ın “məsum” tələbəsi ikən müəllimindən tərcümə etdiyi şeirləri də daxil etdiyi həmin kitabında buyururdu: “Ey gəncəli müdrik Mirzə Şəfi! Sənin sözlərin həqiqət oldu; nəğmələrin bizim qız-gəlinlərin də ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında da şərəflə səsləndi”.

Bu məqamda, nəğmələri Avropa qız-gəlinlərinin ürəklərində yuva tapan bu şairin Şərqanə sevgilərindən üç beytlik nümunə:

 

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
Ruzigarı tirə, daim ki şəbi tar keçər,
Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.
Necə xun cuşə gəlib, eyləməsin ahü-fəğan -
Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

 

Bodenştedtin, sözün hər iki mənasında, maraqlı “Xatirələr”inin yazı tərzindən bu da bəlli olur ki, onların münasibətləri müəllim-şagird əndazəsindən daha ali imiş. “Bir gün soruşdu: - Mirzə Şəfi, heç sevmisizmi? O, bu dəfə sualımı nəzm qarışıq deyil, tamamilə nəsri cavablandırdı: - …Heç bilmirəm, sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qədd-qamətindənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq dolaşıb gərdəninə tökülmüş uzun hörüklərindənmi danışım, yoxsa, Şiraz çiçəkləri kimi ətirli nəfəsindənmi söz açım?...”

 

Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
Tulla gəl çadranı... görünsün üzün,
Gül də gizlədərmi de, bağda özün?
Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək...

 

Dünya şöhrətli şairləri az olmayan xariclərdə təkrar-təkrar (tək elə Almaniyada  100-dən çox) nəşr olunmasıyla fəxr etdiyimiz “Mirzə Şəfi nəğmələri”nin, nəhayət, öz vətənində də (prof. X.Yusiflinin təqdimatı və “Ön söz”üylə) “Kitabi-türki” və “Bütün əsərləri” ilə birlikdə nəşr və qeyd edilməsinin fərqindəyik. Əlbəttə, şad-xürrəmanəliklə...

Tahir ABBASLI