Bu gün Fransanı dünya kinosunun beşiyi adlandırıb, kinonun Şərqə Qərbdən gəldiyini qəbul edərkən, beşikdə olan körpənin yaranması səbəblərini unutmuruqmu? Məncə, unuduruq...
Bu haqda sonra...
2013-cü ildə Bakıda ilk dəfə Beynəlxalq turizm filmləri festivalı keçirilərkən, bir çox kinosevərlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kinosu haqda az məlumatlı olsalar da, bu festivalın Qran-prisinə bu ölkədən olan rejissor Babək Əmininin sahiblənməsi heç kəsi təəccübləndirmədi. “Şərhsiz Dubay” adlanan filmi dəyərli edən elə Dubayın özü idi. Bu gün dünyanın ən məşhur (əlbəttə ki, şərhsiz) turizm mərkəzlərindən sayılan Dubay belə bir festivalın qalibi olmaya bilməzdi. Kinoya gəldikdə isə. Hazırda Dubay tək ərəb Şərqinin deyil, həm də dünyanın kino mərkəzlərindən biri sayılır.
Üzümüzə gələn ayın əvvəlində, 6-13 dekabrda keçiriləcək 15-ci Beynəlxalq Dubay Film Festivalı artıq mötəbər kino hadisəsi kimi dəyərləndirilir. Hollivud, Bollivud, Lollivud, bəli, bütün bu “vud”larla bitən kino sənayesinə bağlı sənətkarları özünə cəzb edən də elə Dubayın özüdür desək, yanılmarıq. Axı beynəlxalq kinofestivallar tək film nümayişilə deyil, həm də yüksək səviyyədə təşkil olunmuş görüşlər, gəzintilər və maraqlı layihələrə sərmayə qoya biləcək varlı ərəb şeyxləriylə yaradıcılıq əməkdaşlığı yaratmaq üçün də fürsətdir.
Hollivudun ən bahalı blokbasteri “Missiya icra olunmadan”da Dubayın müasir kinematoqrafik obraza çevrilmiş təsvirini yəqin ki, xatırlayanlar var.
Filmdə şəhərin göydələni “Bürc Əl-Xəlifə”yə qalxan Tom Kruz qəhrəmanın obrazını yaradarkən bütün fəndləri özü kaskadyorsuz icra etmiş və 23 gün ərzində gedən çəkilişlər müddətində aktyorun təhlükəsizliyini təmin etmək üçün ona 400 mütəxəssis təyin olunmuşdu. Təbii ki, bu 400 mütəxəssis Dubaya Tom Kruzla birgə gəlməmişdi. Bu şəhərdə nə qədər desən mütəxəssis və işçi qüvvəsi tapmaq mümkündür. Bəli, Dubay kinofestivalı belə layihələrin reallaşmasında dünya kinematoqrafına bir tramplindir. Hollivudu Dubaya cəlb edən həm də onun təbii landşaftıdır.
Dünya ulduzu Mek Deymonun çəkildiyi məşhur “Siriana”, eləcə də digər məşhurların rol aldığı xarici filmlər Dubayın safarilər məskəni olan səhrasında çəkilib. Elə bütün Qərbin safari deyə leksikonuna daxil etdiyi söz də ərəb dilinin tanıdığımız “səfər”idir.
Dubayı gələcəyin şəhəri adlandıranlar onu tək Hollivudda deyil, dünya kino sənayesinin digər nəhəngi Bollivudu da bir obraz olaraq seyr edə bilərlər.
“Qəlblər məhəbbətsiz olmur”, “Bum”, “Mənə ərə gəl” və digər məşhur filmlər bu silsilədəndir. Ən maraqlı kinematoqrafik faktlardan biri də Dubaydakı “Bollivud parkı”dır. Hind kinosu həvəskarları bu parkda Bollivudun rəqs və mahnılarıyla zəngin filmlərinə doyunca baxa bilirlər.
Birləşmiş Ərəb Əmirliyinin dünya kinosuna töhfələri, sözsüz ki, tək Dubayla çərçivələnmir. Son illərdə ölkə kinostudiyasının tam və qismən dəstəyi ilə çəkilən filmlərin sayı durmadan artır. Elə bircə 2017-ci ildə Belçika, Böyük Britaniya, Almaniya, Çin, Fransa ilə birgə çəkilən, 180 milyon büdcəli Lük Bessonun “Valerian və min planet şəhəri” filminə diqqət yetirsək, filmdəki ölkələrin sayı əsasında BƏƏ kinosunun dünya kinosuna inteqrasiyası haqda təsəvvür yaratmaq mümkündür. Bəli, bu bir faktdır ki, dünya kinosunun beşiyi sayılan Fransanın rejissoru öz ölkəsinin kino tarixində ən bahalı filmini Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə çəkib. Çox az müddət ərzində bu səviyyəyə çatmaq, təbii ki, bu ölkənin iqtisadiyyat və sənayesinə bağlı olub. Məhz sənayesindəki xariqələr dünya kinosunu onunla əməkdaşlığa cəlb etdi. Hələ 2009-cu ildə keçirilən 2-ci Beynəlxalq Dubay kinofestivalına iki filmlə çıxan BƏƏ kinematoqrafının o günə kimi bir sıra qısametrajlı filmləriylə festivallara qatılsa da, bircə dənə tammetrajlı filmi var idi milli kino tarixində. Amma bu, beynəlxalq kinofestival keçirmək bir elə problem yaratmamışdı ölkə üçün. Çünki kino ilk növbədə sənayedir, iqtisadiyyat və bazardır. Doğrudur, BƏƏ kinosunun gənc sənətkarları əksərən Qərbdə kino təhsili alsalar da, hökumətlərinin ölkə daxilində onlara yaratdığı imkanlardan da bolluca istifadə edə bilirlər. Məsələn, ölkədə yaradılmış “İmage Nation” kino evində gənclər pulsuz təcrübə keçərək böyük kinoya iri addımlarla ayaq basmaq imkanı qazanırlar.
Onu da bilirik ki, müsəlman mühitində qadın sənətkar problemi də var. BƏƏ bu maneəni də adlaya bilib.
Naila Əl-Haca bu ölkənin ilk xanım rejissoru kimi bir sıra qısametrajlı filmlərilə tanınan, eyni zamanda da Dubayda ilk kinoklubun yaradıcısıdır. Buteyna Kazımi də bu mənada onun davamçısı sayıla bilər. Onun yaratdığı “Cinem Aqıl” kino evi öz çoxşaxəli funksiyası ilə dünyada təkrarsız kino mərkəzi sayılır. Bu kino ocağına bu adın (ağıl-aqıl) verilməsi də kinonun hansı məqsədlərə xidmət etdiyinə aid bir faktdır. Bəli, kinonu yaxına buraxmaq istəməyən ərəb ölkələrindən biri olmuş BƏƏ artıq kinonu özünün əqli üstünlüyü olaraq görmək istəyir. Vaxtilə kinematoqrafdan tamamilə uzaq duran Səudiyyə Ərəbistanı da həmçinin 2017-ci ildə ölkəsində kinonun inkişafı üçün büdcədən milyardlar ayırıb.
İndi isə yazının başlığındakı fikrimə aydınlıq gətirmək üçün Dubayda yaradılmış unikal kino muzeyi ilə bağlı bir neçə kəlmə söhbət açmaq istərdim. Bu “Kino tarixi muzeyi” livanlı kolleksiyaçı və iş adamı Əkrəm Miknasın uzun illər ərzində topladığı materiallar əsasında BƏƏ-nin ona qoyduğu böyük sərmayə ilə yaradılıb.
Burda olan eksponatlara əsasən, kinonun, daha doğrusu, kino aparatının yaranması tarixi çox-çox uzaqlara gedib çıxır. Bu muzeyi yaradanların fikrincə, kino hələ 30 min il bundan öncə mağara insanının qayalar üzərində həkk etdiyi, hərəkət anında təsvirləri verilən insan və heyvan şəkilləriylə bağlı olub və daha sonra yeni-yeni icadlar ortaya çıxıb. Nəhayətdə bu inkişafı ərəb dünyasına bağlayan muzey yaradıcıları qeyd edirlər ki, X əsrdə ərəb alimi İbn Əl-Həysamın obskur kamerasının hərəkətini izah etmişdir. Bu obskur kameralar (camera obscura – latınca “qara otaq”) isə ilk fotoaparatların hazırlanmasında istifadə olunan kameralardır. Daha sonra pip-bokslar, fotoplastikonlar, stereoskoplar, Edisonun kinetoskopu və Lümyerlərin sinematoqrafı yaranmışdır. Dubaydakı bu muzeyin kinematoqrafa töhfəsi ondadır ki, orda çox nadir eksponatlar əsasında kinonun yaranması tarixi əyanı sübutlarla təqdim olunur.
Bəli, bu gün biz kinonun beşiyi Fransadır deyərkən, niyə məhz Lümyer qardaşlarının icadına istinad edirik. Bəlkə, dünya kinosunun beşiyi elə dünyanın özüdür, yəni həm Qərbdir, həm də Şərq desək, bu kinonun yaranması tarixinə daha düzgün yanaşma olmazdımı?
Bəzi kinoşünaslar bu tarixi ilk kinoseansının yaranması faktıyla bağlayırlar.
Halbuki, kinokamerasız nə seans.
Əlbəttə ki, bu fikirdə özüm də israr etməsəm də, ancaq Qalileyin sözü olmasın, “Axı Yer fırlanır”… Kino da eləcə.
Yeri gəlmişkən, bir faktı da qeyd edim. Ötən ay Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan Bin Saeed Al-Mansoorinin ölkəmizə səfəri bir canlanma yaratdı iqtisadi mühitdə. Bizim BƏƏ-yə, BƏƏ-nin bizim iqtisadiyyata qoyduğu sərmayələrlə bağlı məruzələr dinlənildi. Mədəniyyət və kino sahəsində də belə sərmayələr yaxşı nəticə verə bilər. Ölkəmizdə baş mükafata layiq görülən BƏƏ filmindən sonra bizim də Dubay festivalında kinomuzun uğurunu təsdiqləyən festivalın baş mükafatına – “Möhür”ə layiq görülə bilmək şansımız var. Bu dəfə də olmasa, gələn dəfə...
Sədaqət KAMAL