Kəlağayının UNESCO siyahısına salınmasının 5 illiyi münasibətilə moda nümayişi
Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində “Azerbaijan Kelagayi” milli brendi ilə birgə yaradılmış “İpək sərvət” adlı üst geyimlərin eksklüziv kolleksiyasının təqdimatı keçirildi.
Təqdimat Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin (26 noyabr 2014-cü il) 5 illiyi münasibətilə təşkil edilmişdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner-modelyer Gülnarə Xəlilovanın “İpək sərvət” kolleksiyası bu yubileyə bir töhfə idi.
Tədbirdən əvvəl açıqlama verən modelyer bildirdi ki, biz kəlağayımızın şöhrətini unutmuruq və onu milli geyim nümunəsi olaraq dəbə gətirməyi düşünürük: “Kəlağayı çox incə və nazik parça olduğundan ondan geyim hazırlamağa çox da maraq olmayıb. On il bundan əvvəl bu parçadan kolleksiya şəklində yeddi geyim hazırlamışdım. Bu gün kəlağayıya həsr olunmuş və 16 il əvvəl hazırladığım geyimi də təqdim edəcəyik”.
Tədbirin təşkilatçısı – “İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova kəlağayı sənəti haqqında məlumatı diqqətə çatdırdı. Bildirdi ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Azərbaycanın UNESCO-dakı nümayəndəliyi tərəfindən irsimizin qorunması və təbliği istiqamətində böyük işlər həyata keçirilir. 2010-cu ildə İçərişəhərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ənənəvi İncəsənət Mərkəzi yaradılıb. Orada peşəkar tikiş ustaları kəlağayı hazırlayırlar. Bu gün Azərbaycan kəlağayısı yaşayır və xanımlarımız tərəfindən sevilir. Beşinci ildir ki, 26 noyabrın “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd edirik. Bundan əlavə, muzeylərdə də kəlağayının təbliğ olunması sevindiricidir.
Tədbirdə bu sənətin yaşadılmasında professor Rəna İbrahimbəyovanın xüsusi rolu qeyd edildi. Bildirildi ki, onun sayəsində Basqalda yaradılan Kəlağayı mərkəzi bu sənəti canlandırdı və ənənəvi istehsala çevrilə bildi.
Daha sonra dizaynerin şəxsi kolleksiyasından 25 geyim nümayiş olundu. Müxtəlif peşə sahələrində çalışan tanınmış simaların, müğənnilər, həkimlər, televiziya aparıcıları tərəfindən təqdim olunan kəlağayı kolleksiyası böyük maraqla qarşılandı.
Eksklüziv kəlağayı brendi ilə bəzədilmiş kişi geyimlərini isə Mənsum İbrahimov və “Qarabağ” muğam qrupu təqdim etdi.
Gözoxşayan, əlvan rəngli kəlağayı gecəsində xalq artistləri Mənsum İbrahimov, Tünzalə Ağayeva, rəqqasə Fatimə, müğənni Samirə Allahverdiyeva musiqi sovqatlarını hədiyyə etdilər.
Kəlağayı milli brendi ilə yaradılmış üst geyimlərin təqdimat mərasimi milli irsimizə diqqət göstərən, milli geyimlərimizə dəyər verən xanımlar üçün əsl bayram əhvallı bir gecə oldu. Qeyd edək ki, ilk dəfə nümayiş olunan bu kolleksiya satışa da çıxarılacaq.
Lalə AZƏRİ