Gədəbəy Aşıq Məktəbində Azərbaycan ədəbiyyatının tanınmış simalarından və Aşıqlar Birliyinin yaradıcılarından olmuş İlyas Tapdığın 85 illik yubileyi münasibətilə “Xatirə saatı” keçirilib.
Mədəniyyət Nazirliyinin “2019-2023-cü illərdə Xalq sənətinin inkişafı ilə əlaqədar Fəaliyyət Proqramı”na əsasən təşkil edilmiş tədbir məktəbdə bu səpkidə hazırlanan üçüncü yaradıcılıq nümunəsidir.
Məktəbin direktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü Etibar Əliyevin bildirdiyinə görə, “Xatirə saatı”nda məktəbin müəllim və şagirdlərinin ifasında şairin şeirləri oxunub, vaxtilə özünün ifa etdiyi və sevdiyi aşıq havaları səslənib.
1934-cü ildə Gədəbəy rayonunda doğulmuş İlyas Tapdıq ədəbi yaradıcılığa Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alarkən başlayıb. 1955-ci ildə ilk şeirlər kitabı çapdan çıxıb. Şair 1972-ci ildə Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülüb.
İlyas Tapdıq Azərbaycan Aşıqlar Birliyinin yaradılmasında, eləcə də o taylı-bu taylı Azərbaycan aşıq sənətinin qarşılıqlı əlaqələrinin bərpa edilməsində mühüm xidmətlər göstərib. Onun onlarla şeiri ötən əsrin 60-cı illərindən etibarən aşıqlar tərəfindən ifa edilməkdədir.
İlyas Tapdıq 2016-cı ildə vəfat edib.