Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarının klub müəssisələrinin əməkdaşları Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində olublar.

Təcrübə mübadiləsi məqsədi daşıyan tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Saatlı rayonu üzrə nümayəndə Şərqiyyə Şahpələngova və Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev qabaqcıl təcrübə metodları ilə qonaqları tanış ediblər. Görüşdə klub müəssisələrində xidmət və dərnəklərin yaradılması, ictimaiyyət nümayəndələrinin və rayon məktəblilərinin klub müəssisələrinə cəlb edilməsi üçün təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla əlaqəli iş, müəssisələrdə sənədləşmə işlərinin aparılması və digər məsələlər müzakirə olunub.

Sonra mədəniyyət işçiləri Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Dövlət Rəsm Qalereyasında da olublar.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə regional mədəniyyət idarələri arasında qarşılıqlı əlaqələrin yaradılması və təcrübə mübadiləsi məqsədilə belə görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Sonda mədəniyyət müəssisələrinin əməkdaşları Sabirabad rayon Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxana, Heydər Əliyev Mərkəzi və digər mədəniyyət müəssisələri ilə tanış olublar.