“Əsl sənət xeyirlə şəri fərqləndirmək, yaxşını tanımaq vasitəsidir”, deyirlər. İncəsənətin xeyirxah, humanist missiyası haqlı olaraq bu kimi məntiqli kəlamlarda əksini tapır, sənətin mahiyyətini anladır, görkəmli sənətkarların həyat və sənət yoluna daha diqqətlə nəzər salmağımıza rəvac verir.

Görkəmli teatr və kino aktyoru Müxlis Cənizadə qəlblərdə əbədiləşən sənətkarlarımızdandır. Özünəməxsus ifa manerası ilə bənzərsiz ekran obrazları yaradan, qəlbəyatımlı səsi, aydın diksiyası ilə poetik parçaların məntiqi mənasını açan, hadisələrin psixoloji ahənginə uyğun olan rollarına ruh, nəfəs verən Müxlis Cənizadənin səhnə və ekran obrazları unudulmazdır. Sənətdə iz qoymaq, sevilib-seçilmək asan olmadığı kimi təsadüfi də deyil. Səhnəyə çıxdığı ilk günlərdən tamaşaçıların və teatr ictimaiyyətinin diqqətini çəkən Müxlis Cənizadə də hələ uşaq yaşlarından musiqiyə maraq göstərib, ədəbiyyata, şeirə, sənətə üstünlük verib...

 

Sənətə doğru

 

1928-ci il noyabrın 26-da Bakıda dünyaya göz açan Müxlis Sabir oğlu Cənizadənin qismətinə mehriban bir ailədə böyümək qismət olub. 4 oğlan və bir qız uşağı böyüyən evdə maraqlı bir ab-hava yaşanıb. Qardaşların musiqiyə həvəsi olduğundan onların hərəsi müxtəlif alətlərdə ifa edib, bununla yanaşı qiraətə, sözə, sənətə də böyük maraq göstəriblər. Müxlis də hələ orta məktəbdə oxuyarkən daha çox ədəbiyyata olan marağına görə müəllimlərinin diqqətini çəkib. Bakıdakı 6 saylı orta məktəbdə yeddiillik təhsili başa vurduqdan sonra 1942-ci ildə Volodarski adına tikiş fabrikində tokar işləyib. 1943-cü ildə M.F.Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində aktyorluq təhsili almağa başlayıb. Sonra Teatr Məktəbinin bazasında yaranan Dövlət Teatr İnstitutuna daxil olub (1945). Tələbəlik illərində (1945-1949) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. Görkəmli sənətkar Adil İsgəndərovun dəvəti ilə (1953) Akademik Dram Teatrına gəlib. Teatrın səhnəsində bir çox maraqlı, diqqətçəkən rollar yaradıb. Bir müddət sonra müxtəlif səbəblərdən (1962) teatrdan ayrılmalı olub.  Həmin ildən də ömrünün sonuna kimi Azərbaycan Dövlət Teatr (sonralar İncəsənət) İnstitutunda pedaqoji fəaliyyət göstərib.

 

Müxlis müəllim

 

Onun adı çəkiləndə həmkarlarının bir çoxu onu Müxlis müəllim deyə xatırlayır. Tələbələrinin dilinin əzbəri olan Müxlis müəllim kəlməsinin kamilliyini o, məhz pedaqoji fəaliyyəti dövründə sübut edib. Müxlis Cənizadənin həmçinin pedaqoji fəaliyyət göstərməsi bütünlükdə kino, dublyaj və teatr sənətimizin inkişafına təkan verib. İfadəli, cəlbedici səs tembrinə, yüksək intellektə, mükəmməl səhnə danışığı qabiliyyətinə malik olan aktyor onlarla tələbəyə səhnə danışığından dərs deyib, ana dilimizin saflığının qorunması, danışıq dilindən istifadə qaydalarının təbliği istiqamətində gənclərə doğru sənət istiqaməti verib.    

Əməkdar artist Elxan Qasımov müsahibəsində qeyd edir ki, “Müxlis müəllimin pedaqoji fəaliyyəti bizim üçün son dərəcədə arzuolunan idi. O, bizim hər birimizi, demək olar ki, yaxından tanıyırdı. Bizimlə maraqlanırdı, ata kimi qayğımıza qalır, köməkliyini əsirgəmirdi. Biz onunla çox səmimi idik. Buna görə də onun auditoriyaya daxil olması bizim üçün toy-bayrama çevrilirdi.

Bu, qarşılıqlı sevginin, hörmətin təzahürü idi. Onun haqqında sənət dostlarımla tez-tez danışırıq, xatirəsini əziz tuturuq”.

 

Rolların uğuru

 

1960-1970-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında çəkilən bədii filmlərin sayının artması, ardıcıllığı kino işçiləri üçün böyük yaradıcılıq imkanları yaradırdı. Həmçinin kino aktyorlarının filmlərdə mütəmadi çalışması (çəkiliş və dublyaj işi) onların həyat şəraitini yaxşılaşdırır, sənətdə özlərini təsdiqləməyə imkan verir, geniş tamaşaçı auditoriyası tərəfindən daha tez tanınıb sevilməsinə səbəb olurdu. Müxlis müəllim də teatrdan uzaqlaşdıqda “Azərbaycanfilm”də müxtəlif ekran əsərlərində çəkilib, eləcə də Moskva, Leninqrad kinostudiyalarında istehsal olunan filmlərdə iştirak edib. Dərin mütaliəsi sayəsində məsləyini təkmilləşdirən, sənətdə özünəməxsus, koloritli rollar yaradan Müxlis Cənizadə eyni zamanda bədii qiraət ustası kimi də tanınıb, sevilib, dövrünün istedadlı sənətkarlarından biri kimi qəbul edilib. Onun şəxsiyyətinə və sənətinə hörmət olaraq görkəmli kinorejissor Hüseyn Seyidzadə üç filmində Müxlis Cənizadə yaradıcılığına yer verib, onu “O olmasın, bu olsun” filmində Sərvərin dostlarından biri, “Dəli Kür” filmində Kipiani, “Yenilməz batalyon”da isə Nəriman Tağıyev rollarına çəkib. Aktyorun istedadına dərindən bələd olan rejissor “O olmasın, bu olsun” filmində Müxlis müəllimin bədii qiraət ustası olduğunu şeir söylədiyi kadrda göstərməklə yaddaşlarda qalmasına da imkan yaradıb.

Aktyorun “Dəli Kür” filmində canlandırdığı Kipiani obrazı onun kino yaradıcılığında ən uğurlu rollardandır. Onu da qeyd edək ki, bu rolun uğurunun digər səbəblərindən biri də Əməkdar artist Həsən Əblucun rolu obrazlı səsi ilə ifaçı qədər yaşarı təqdim etməsindədir.

“Yenilməz batalyon” filmindəki Nəriman Tağıyev obrazı isə aktyorun təqdimatında olduqca səmimi, fərqli və yaşarı işlənib. Nəriman səbirli, ehtiyatlı, soyuqqanlı olduğu qədər də iddialıdır, məqsədyönlüdür. Daxili təlatümünü, hisslərini büruzə verməyən Nərimanın məqsədi məzlumlara kömək etmək, ictimai birliyə, insanların asayişinə, əminlikdə yaşamalarına dəstək olmaqdır. O, qorxmazdır, mərddir, insanların arzuolunan  qəhrəmanıdır. Diqqətçəkən məqamlardan biri də Müxlis Cənizadənin ekran qəhrəmanlarının çoxunun sakit təbiətli olmasıdır. Bu da aktyorun rollarına əminliklə verdiyi mizanların doğruluğundan, uğurlu alınmasından irəli gəlirdi. Obrazlı oyun, ifadəli səsləndirmə müdrik səs tembrinə malik aktyorun rollarının daxili dünyasının, psixologiyasının tamlıqla, həssaslıqla açılmasına imkan verirdi.              

“Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın filmdə çəkilən aktyorun istedadı  “Görüş” filmində Ənvər, “Bəxtiyar” kinokomediyasında Kərim, “Ən vacib müsahibə”də Ənvər müəllim, “Ulduzlar sönmür”də Mustafa, “Əsl dost”da Əsəd və başqa obrazlarda orijinal, cazibədar üslubda cilalanıb, ekran əsərlərinin mahiyyəti rolların təfsirində yüksək peşəkarlıqla təsdiqini tapıb.

“Ən vacib müsahibə” filmində Ənvər müəllim obrazı insan mənəviyyatını, ziyalı təfəkkürünü, çalışqanlığını uca tutan vicdanlı redaktordur. O, ətrafındakıları,  həmkarları üçün, sözün əsl mənasında, örnək timsallı vətəndaşdır. Ənvər müəllim redaksiyaya təsadüfi gələn “jurnalistin” savadsızlığını hər eyhamda bildirməkdə özünü borclu sayır, bununla da sanki çalışqan gənclərin içinə düşən meşşan, savadsız “radio jurnalisti”nin digərlərinə pis örnək olmasının qarşısını almağa çalışır. Təsadüfdənmi, yoxsa zərurətdənmi Müxlis müəllimin yaradıcılıq qismətinə çox vaxt müsbət obrazlar oynamaq yazılıb.

“İyirmialtılar” tarixi-inqilabi filmində aktyorun istedadını forma və məzmunca  tam fərqli olan Qoçu obrazında görürük. Dövrünün reallığından irəli gələn səbəblərdən siyasi gərginliyi yaşayan minlərlə insandan biri olan bu obraz vətəninin müdafiəsinə qalxan, doğma torpağını yadellilərdən qorumağa çalışan personajdır. Onun təfsirində XX əsrin əvvəllərində yaşayan, vətən təəssübünü çəkən obrazın qorxmaz, döyüşkən xarakterini izləyirik. Aktyorun rola uyğunlaşdırdığı hərəkət və jestlərinin təfsirində də həmin dövr üçün zəruri olan prototipin kimliyini kəşf edirik. Beləcə, Müxlis Cənizadənin orijinal və koloritli kino obrazları vasitəsilə kinonun həyatiləşdiyini görür, həyatın inikası olduğunu qəbul edirik. 

Rollar fərdi xarakterdən qidalananda daha dolğun olur, yaşarı, emosional alınır.  Müxlis Cənizadənin fərqli xarakterli rollarına fərdi cəhətindən pay düşmüşdü desək, yanılmarıq. Kameranın sevdiyi, mimika cizgilərini belə dəqiqliklə göstərdiyi aktyorun epizod, az sözlü rolları belə çox sözü ifadə edir, peşəkarlığını göstərir, ekran əsərlərinin baxımlılığını artırırdı.

Səhnə sənətini dərindən bilən, bədii qiraəti sevərək təqdim edən, rolları ilə milli kinomuza uğur gətirən aktyora, təəssüflər olsun ki, çox vaxt kiçik həcmli rollar həvalə edilib. Bununla belə, rollarını sevgi və şövqlə oynayan aktyor yaradıcılığını filmlərin aparıcı qüvvəsinə çevirib, yaddaşlarda əbədiləşdirməyi bacarıb.   

Dublyaj fəaliyyətində də böyük nailiyyətlər əldə edən Müxlis Cənizadə 1947-ci ildən Azərbaycan, 1953-cü ildən isə xarici filmlərin səsləndirilməsində yaxından iştirak edib. Ahəngdar, həlim səs tembri ilə neçə-neçə ekran obrazlarının daxili dünyasını açıb, personajların həyat mövqeyinin ən incə məqamlarını belə səmimiyyətlə bizlərə nəql edib. 

İstedadlı aktyor “Xatirələr sahili”ndə Prokuror, “İstintaq davam edir”də Çingizov, “Sehrli xalat”da Eynulla müəllim, “Səhər”də Rəşid, “Ulduz”da Bəxtiyar, “Əhməd haradadır?” kinokomediyasında sürücü Əhməd və başqa obrazları səsləndirərkən tipik cəhətlərini, fikir və mövqelərini ifadəli, aydın tələffüzü ilə dəqiq çatdırıb.

Milyonların sevdiyi sənətkar olmaq üçün sənət üçün doğulmaq lazımdır. Müxlis müəllim heç də hamar olmayan sənət yolunda göstərdiyi peşəkarlığa görə çoxsaylı tamaşaçıların qəlbini fəth etdi. İnsanpərvərliyinə, müsbət şəxsi keyfiyyətlərinə görə də doğmalarının, dostlarının sevgi dolu xatirələrində əbədiləşdi, yoxluğunda belə televiziya və radio verilişlərində, məqalələrdə dönə-dönə xatırlanmağına, xatirələrdə yaşamağına səbəb yaratdı. 

Şəhla ƏMİRLİ
kinoşünas