Madriddə tələbələr böyük Azərbaycan şairinin şeirlərindən parçalar səsləndiriblər

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq növbəti tədbir İspaniyanın paytaxtı Madriddəki Kantabriya Mədəniyyət Mərkəzində gerçəkləşib.

Burada Azərbaycan və Türkiyənin İspaniyadakı səfirliklərinin, Yunus Əmrə İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə Nəsiminin 650 və Türkiyənin məşhur xalq ozanı Aşıq Veysəlin 125 illiyinə həsr olunmuş tədbir keçirilib. Xatırladaq ki, TÜRKSOY 2019-cu ili hər iki söz ustadının xatirə ili elan edib.

Tədbirin açılışında Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin mütəfəkkir şairin zəngin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətindən söhbət açıb.

Səfir diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin keçirildiyi vaxtdan başlanır. 1973-cü ildə böyük söz ustadının yubileyi UNESCO səviyyəsində qeyd olunub.

Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş əks olunduğunu qeyd edən səfir Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində nəşr edilmiş “Imadeddin Nasimi Poetry”, “Imadeddin Nassimi Poesié” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay türk dünyasının iki böyük şairi – Nəsimi və Aşıq Veysəlin yaradıcılığındakı ideyalardan söz açıb, Azərbaycanın İspaniyadakı səfirliyi ilə birgə təşkil olunmuş mərasimin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

TÜRKSOY-un nümayəndəsi Timur Davletov təşkilat tərəfindən 2019-cu il ərzində Nəsiminin 650 illik yubileyi və Aşıq Veysəlin 125 illiyi ilə bağlı keçirilmiş tədbirlər barədə məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Sayman Aruz, Yunus Əmrə İnstitutunun direktoru Ersin Adıgözəl, Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun icraçı katibi Luis Yerena Nəsimi və Aşıq Veysəlin yaradıcılığına nəzər salaraq, onların tolerantlığın, sülhün və humanizmin təşviqinə töhfələrindən bəhs ediblər.

Daha sonra “Alisiya Alonso” Rəqs İnstitutunun tələbələri ispan dilində İmadəddin Nəsiminin və Aşıq Veysəlin əsərlərindən parçalar səsləndiriblər. Aşıq Ramin Qarayevin ifasında Nəsiminin “Sığmazam” qəzəli, Türkiyəli aşıq Kamber Narın ifasında Aşıq Veysəlin şeirləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir zamanı Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar, o cümlədən Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun şairin “Sığmazam” qəzəli əsasında musiqi kompozisiyasından və “Nəsimi” bədii filmindən parçalar nümayiş etdirilib.

Xüsusi guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar, şairin 650 illik yubileyi münasibətilə səfirlik tərəfindən çap etdirilmiş bukletlərin, İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, Heydər Əliyev Fondunun nəşrləri, İ.Nəsiminin əsərlərindən ibarət kitablar, “İRS” jurnalının buraxılışları nümayiş etdirilib.

***

İspan oxucusu əvvəllər böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ədəbi irsi barədə o qədər də məlumatlı deyildi. Bu cür tədbirlər mütəfəkkir-şair barədə geniş ictimaiyyətin məlumatlanmasına imkan yaradır.

Bu barədə AZƏRTAC-a müsahibəsində İspaniya İpək Yolu İnstitutunun vitse-prezidenti Enrike Qaspar deyib.

O, Azərbaycan və Türkiyə səfirliklərinin birgə keçirdikləri tədbirin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, İspaniya İpək Yolu İnstitutu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq əlaqələrinə malikdir.