Nəbi Xəzrinin 95 illiyinə həsr olunan xatirə gecəsi keçirildi
Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (1924-2007) 95 illiyinə həsr olunmuş “Mənim kainatım şeirlərimdir” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbir şairə həsr olunmuş televiziya filmindən fraqmentlə başladı. Videoarxivdə Nəbi Xəzrinin öz dilindən vətən və ana dilinə sevgi ilə bağlı fikirləri və şeirləri yer almışdı.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək şairin yaradıcılığından söz açdı. Bildirdi ki, əsl yazıçılar və şairlər xalqların əbədi səfirləridir: “Əsrlər ötür, zaman dəyişir, lakin yazılan əsərlər, yazıçıların külliyyatı əbədi olaraq xalqın ədəbiyyatını yaşadır, onun kimliyini ifadə edir. Nəbi Xəzri yaradıcılığı, şeriyyəti də bu silsilədəndir. Onun şeirləri sanki nota ehtiyacı olmayan nəğmələrdir”. Ç.Abdullayev daha sonra şairlə birgə çalışdıqları illəri yada saldı, xatirələrini bölüşdü.
Xalq şairi Nəriman Həsənzadə diqqətə çatdırdı ki, Nəbi Xəzri üç qardaşını və atasını erkən yaşlarında itirib. Gəncliyi Böyük Vətən müharibəsinə təsadüf edib, müharibənin ağrılı-acılı günlərini yaşayıb. Ancaq o əzmkarlığı, təhsilə, elmə böyük önəm verməsi və çalışqanlığı ilə ad qazanıb.
İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən, bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Qeyd olundu ki, “Mənim kainatım şeirlərimdir” amalı ilə özündən sonra söz xəzinəsi qoyub gedən, humanitar dəyərləri poetik-fəlsəfi mənalandırma gücünə malik olan Nəbi Xəzrinin yaradıcılığı dərin lirizmi, vətəndaşlıq qayəsi ilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük gücə malikdir. Şair hərtərəfli yaradıcılıq yolu keçib. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindəndir.
Gecədə Xalq artisti, aktyor Sabir Məmmədov şairin şeirlərindən nümunələr səsləndirdi. “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə Xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Almaz Orucova, Lalə Məmmədova, “Sevil” vokal qızlar ansamblının ifasında şairin sözlərinə yazılmış sevilən mahnılar təqdim olundu.
Tədbirin sonunda şairin oğlu Arzu Babayev atasının xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə etdi.
Qeyd edək ki, Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev) ölkəmizin müxtəlif mətbu orqanlarında çalışıb. 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971-1974-cü illərdə Mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin (1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adlanıb) sədri olub. 2007-ci il yanvarın 15-də dünyasını dəyişib.
Lalə AZƏRİ