UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının davamlı inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən dövlət idarəçiliyi texnologiyaları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər, Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə gerçəkləşib.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq ölkəmizin iqtisadi, sosial və humanitar sahələrdə uğurla inkişaf etdiyini bildirib. Rektor bu uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir. Ötən il Davos Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı durumun təhlili əsasında hazırlanan hesabata görə, ölkəmiz inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli dərəcədə uğur qazanıb. 2018-ci il üçün təhlillərə görə, Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi 4,69 təşkil edib. Həmin göstərici ilə ölkəmiz yüksək iqtisadi inkişaf səviyyəsinə malik bir çox ölkələri geridə qoyub. Onların arasında ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Türkiyə, Portuqaliya, Yunanıstan kimi ölkələr var.
Rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması iqtisadi potensialın hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadənin beynəlxalq təsdiqidir. Azərbaycanın inklüziv inkişaf sahəsində yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da mühüm xidmətləri var. Onun təşəbbüsləri və rəhbərliyi ilə gerçəkləşdirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycanın sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.
Dəyirmi masada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanın inkişafı, bu inkişafın təmin olunmasına yol açan texnologiyalar, dövlətimizin başçısının gerçəkləşdirdiyi islahatlar barədə danışıblar.