Beyləqanın “Gənclik” xalq teatrının tamaşası maraqla qarşılandı

Dekabrın 4-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının hazırladığı “Mən bu cahana sığmazam” adlı tamaşa nümayiş olundu.

Tamaşa Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun silsilə tədbirlər çərçivəsində ərsəyə gətirilib.

Əsərin müəllifi Asif Cəfərli, tamaşanın quruluşçu rejissoru Nazim Çıraq, səs rejissoru isə Rəqsanə Babayevadır. Rolları Elnur Abbasov (Nəsimi), Əbdülhəsən Tağızadə (Əmir Teymur), Arzuman Əhmədov (İbrahim Şirvanşah), İsa Nəbiyev (Vəzir), Sevinc Məmmədzadə (Fatimə), Bayram Əhmədov (Şeyx Əzəm), Nazim Çıraq (Təlxək), Zahir Qarabağlı (Xanəndə), Rəşad Quliyev (Sazəndə), Ayişən Bayramlı (Rəqqasə) canlandırdılar.

Səhnə əsərində Nəsimi ilə Fatimənin görüşü, Əmir Teymurun Nəsimi ilə dialoqu,  uşaqların Nəsimi şeirini səsləndirməsi səhnələri tamaşaçıların alqışları ilə qarşılandı.

Tamaşada cərəyan edən hadisələr Nəsimi zamanında Azərbaycan xalqının Əmir Teymur zülmü ilə barışmadığı təəssüratını yaradırdı. Şairin azad ruhu, cəsarəti, qorxmazlığı isə istibdadın hökm etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı üsyan kimi səslənir.

S.FƏRƏCOV