Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında İraq türkmənlərinin böyük şairi Telaferli Felekoğlunun həyat və yaradıcılığına həsr olunan konfrans keçirilib.
Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanınması layihəsi çərçivəsində keçirilən konfrans şairin 90 illiyinə ithaf olunub.
Konfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İraqın Türkiyədəki səfirliyinin əməkdaşı Casim əl-Əttar, İraq Ədəbiyyatçılar və Yazıçılar Birliyinin Türkmən Mədəniyyət Bürosunun sədri, İraq parlamentinin sabiq üzvü Fevzi Əkrəm Terzioglu və Kərkük Mədəniyyət Dərnəyinin sədri, tədqiqatçı-yazıçı Şəmsəddin Kuzeci və Mosulun Telafer bölgəsindən şair Mikdat Havdi çıxış ediblər.
Çıxışlarda şairin həyat və yaradıcılığından söz açılıb.
Sonra Telaferli Felekoğlunun həyat və yaradıcılığını əks etdirən “Açıl dilim, açıl” kitabı iştirakçılara təqdim olunub. Ş.Kuzecinin nəşrə hazırladığı kitab TÜRKSOY tərəfindən çap edilib.
Daha sonda bədii proqram təqdim edilib. Aşıqların ifasında T.Felekoğlunun şeirləri səsləndirilib.
Tədbirdə Ankarada təhsil alan türkmən əsilli iraqlı tələbələr də iştirak ediblər.