Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi və “Nəsimi ili” ilə əlaqədar ölkəmizdən kənarda təşkil edilən növbəti tədbirlər silsiləsi İtaliyada keçirilir.
Apennin yarımadasında “Nəsimi günləri” çərçivəsində Neapol Şərqşünaslıq Universitetində italyan dilinə tərcümə edilmiş “Nəsimi poeziyası” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycanın İtaliyadakı səfirliyinin, Neapol Şərqşünaslıq Universitetinin və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasimdə universitetin prorektoru, professor Rita Librandi Nəsimi yaradıcılığı haqqında danışaraq, onun Azərbaycanın hüdudlarından kənarda, ümumilikdə Şərq xalqlarının ictimai-bədii fikrinin inkişafında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə təqdimatın təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, kitabın ərsəyə gəlməsində mühüm rolu olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və “Sandro Teti” nəşriyyat evinin töhfəsi ilə İtaliyada həyata keçirilən layihələrdən bəhs edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlər arasında xüsusi yer tutan Nəsiminin yaradıcılığından bəhs edib. Fondun əsas məqsədinin türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması olduğunu bildirən G.Əfəndiyeva “Nəsimi ili” çərçivəsində görülən işlərdən və gələcək layihələrdən danışıb. O, “Nəsimi poeziyası” kitabının italyan oxuculara dahi şairin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaratdığını bildirib.
Neapol Şərqşünaslıq Universitetinin Asiya, Afrika və Aralıq Dənizi kafedrasının direktoru, professor Mikele Bernardini şairin zəngin irsi barədə məlumat verib.
“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə nəşr olunmuş topluda şairin 100-dən çox şeirinin yer aldığını deyib. O, Azərbaycan haqqında nəşr olunmuş kitablar, o cümlədən azərbaycanlı müəlliflər tərəfindən italyan dilinə tərcümə edilmiş əsərlərin İtaliyada Azərbaycanın tanıdılması işinə töhfə verdiyini söyləyib.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış, Nəsiminin həyat və yaradıcılığından bəhs edən “Əbədi eşq günəsi” adlı sənədli film nümayiş olunub.
Kitabdakı şeirlər Xalq artisti Mehriban Zəkinin ifasında bədii-musiqili kompozisiya formasında təqdim olunub.
Qeyd edək ki, Neapoldan başlayan “Nəsimi günləri” Roma və Venesiya şəhərlərində davam etdiriləcək.