“Vyetnamın səsi” (“Voice of Vietnam” – VOV) teleradio şirkətində ölkəmizin Hanoy şəhərində səfirliyi, Vyetnamdakı Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi ilə birgə İmadəddin Nəsiminin 650 illiyi münasibətilə tədbir keçirilib.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini söyləyərək şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

“Vyetnamın səsi” teleradio holdinqinin prezidenti Nquyen The Ky çıxışında vurğulayıb ki, Nəsimi təkcə böyük şair deyil, həm də dünyada tanınan görkəmli filosofdur.

Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien Nəsiminin əsərlərində böyük fəlsəfə, insanlara sevgi, habelə özünüdərketmə kimi məqamların əks etdirildiyini bildirib.

Vyetnamın tanınmış şairi Phunq Ho Nəsimi yaradıcılığından Vyetnam dilinə tərcümə etdiyi bir neçə şeiri oxuyub. Nəsiminin həyatı və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.