Dekabrın 6-da Bakı Konqres Mərkəzində Türkiyə Universitetləri Məzunlarının II Bakı Forumu keçirildi. “Nəsimi ili” çərçivəsində təşkil edilən forum mədəni irsimizin təbliğinə həsr olunmuşdu.

Gənclər Fondunun dəstəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə gerçəkləşən tədbirdə müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.

Forumda TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə çoxsaylı tədbirlərin keçirildiyini bildirdi. Natiq Nəsimi irsindən söz açaraq mütəfəkkir şairin ideyalarının müasirliyindən danışdı.

Diqqətə çatdırıldı ki, bu günədək Türkiyə universitetlərindən məzun olan azərbaycanlıların sayı on minlərlədir. Onlar bu gün ölkəmizdə müxtəlif sahələrdə  uğurla fəaliyyət göstərirlər.

Sonra gənc nəsimişünas alimlərin çıxışları dinlənildi. Onlar Nəsimi poeziyasının əbədiyaşarlığından, ədəbiyyat tariximizdə yerindən danışdılar.

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Türkiyə universitetlərinin məzunları Azərbaycanın mədəni irsinin təbliğində gənclərin üzərinə düşən vəzifələrdən söz açdılar. Tədbir bədii proqramla davam etdi.

SƏBİNƏ