Tarixən Azərbaycan xalqı öz istedadlı xanımları – şairləri, rəssamları, bəstəkarları ilə fəxr etmişdir. Öz yaradıcılıqları ilə milli mədəniyyətimizin keşiyində duran Azərbaycan qadınının ünvanına həmişə uca sözlər deyilmişdir. Millətimizin, milli mədəniyyətimizin tərəqqisi naminə bugünkü nəsil Azərbaycan gəncliyi milli mədəniyyətimizi zənginləşdirmiş xanım sənətkarlarımızı tanımalıdır.

XX əsr Azərbaycan incəsənətində özünün əvəzolunmazlığı ilə seçilən, azərbaycanlı qadın rəssamlar arasında ilk Əməkdar incəsənət xadimi adı almış Reyhan xanım Topçubaşovanın gözlərində böyük bir dövrün zəngin mənzərəsi canlanır. Onun xatirələr dünyasına müxtəlif tərəflərdən cığırlar enir. Bu cığırlar çox keşməkeşli, çox dolanbac və çox mənalıdır.

“Azərbaycan qadını” jurnalının 1946-cı il 4-cü sayında Reyhan xanımın özü və yaradıcılığı haqqında yazdığı bir məqalədə oxuyuruq:

“Mən 15 dekabr 1905-ci ildə anadan olmuşam. Uşaqlığımdan bütün vaxtımı şəkil çəkməyə və sevdiyim musiqiyə sərf edirdim. Xırda yaşlarımda ancaq karandaşla çəkirdim. Xatırlaya bilmirəm nə üçün rənglə deyil, karandaşla çəkirdim; yəqin ki, bu hal rəng ilə çəkməyi bacarmadığımdan irəli gəlmişdir”.

Reyhan xanım ilk təhsilini tanınmış Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı Qızlar məktəbində almışdır. Özünün dediyi kimi, uşaqlıqdan həm yaxşı rəsmlər çəkir, həm də musiqiylə məşğul olurdu. Ən böyük və çoxdankı arzularını içində boğa bilməyən Reyhan xanım 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın fortepiano sinfində təhsil alır. Lakin oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq təhsilini yarımçıq saxlayır.

İlk ixtisas təhsili yarımçıq qalanda Reyhan xanım həyatda çox bədbinləşmişdi. Xüsusən peşəkarların işlərinə baxanda rəssamlığa başlamağına artıq gec olduğunu düşünürdü. Lakin daxilində günü-gündən alovlanan sənət sevgisi gənc xanımı professorların bu sahə üzrə mühazirələrinə gətirir.

Həmin mühazirələri dinlədikdən sonra Reyhan xanım elə onların mövzusuna uyğun rəng və tuşla tablolar çəkməyə başlayır. Beləliklə, rəssamlığa olan daxili istək və həvəsi 25 yaşlı sənət vurğununu yenidən rənglərin sehrli dünyasına qaytarır.

Reyhan xanım 1933-cü ildə imtahan verərək görkəmli Xalq rəssamı Əzim Əzimzadənin rəhbərlik etdiyi Rəssamlıq Texnikumunun 3-cü kursuna daxil olur, texnikumu 1935-ci ilin iyun ayında əla qiymətlərlə başa vurur. Elə həmin dövrdən də peşəkar sənətdə inamlı işinə başlayır.

Reyhan xanım Topçubaşova yaşadığı zamanın özünəməxsus tarixi bir keçid dövrü olduğunu yaxşı başa düşürdü. Mənsub olduğu xalqın həyatında baş verən dəyişiklikləri, əlamətdar hadisələri əsərlərində əbədiləşdirməyə çalışır və bütün bunlara inadkar bir inamla nail olurdu. Üstündən illər keçməsinə baxmayaraq əsərləri öz bədii-estetik dəyərini itirməyən rəssam müəllimi Əzim Əzimzadənin realist üslubunu, sənətkarlıq xüsusiyyətlərini davam etdirmişdir.

1936-cı ildən etibarən Reyhan xanım Azərbaycan rəssamlarının sərgilərinə qatılmağa başlayır. İlk sərgidə gənc qadın rəssamın “Toy” adlı çoxfiqurlu əsəri nümayiş olunur. Reyhan xanımın diplom işi olan bu əsər hazırda R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur. Bu əsərdə müəllif Azərbaycan xalqının milli adət-ənənələrini, etnoqrafik əlamətlərini əks etdirən qədim toylardan birini təsvir etmişdir. Əsərin məzmunu belədir: “Toyxanadır, burada ancaq musiqiçilər və qadınlar göstərilir. Ortada gəlin ayaq üstə durmuş, üzü zərli örtüklə örtülmüşdür. Məclisdə bir qadın oynayır və sazəndələr üçün “şabaş” yığır”.

Bu əsərdə 15 sulu boya rəsm etüdü verilmişdi. Bütün fiqurlar milli toy geyimlərində göstərilir. Reyhan xanım özü dəfələrlə belə toyların iştirakçısı olduğundan bu əsər orijinal olaraq diqqəti cəlb etməkdədir.

Mütəmadi olaraq sərgilərdə iştirak edən Reyhan xanım qadın rəssamların əsərlərindən ibarət ənənəvi sərgilərin təşəbbüskarı olmuş və ilk belə sərgini 1938-ci il martın 8-də təşkil etmişdir.

Müharibə illərində Reyhan xanım Topçubaşova sırf yaradıcılıq işləri ilə yanaşı, Rəssamlar İttifaqının rəhbərliyində də çalışırdı. İttifaqın idarə heyəti sədrinin müavini vəzifəsini daşıyırdı.

Müəllimi Ə.Əzimzadənin sənətkarlıq xüsusiyyətlərini davam etdirən Reyhan xanımın ilk böyük əsəri “Köhnə Bakı küçəsi” tablosudur. Milli İncəsənət Muzeyində mühafizə olunan bu əsəri rəssam tələbəlik illərində yaratmışdı. Bu işində köhnə Bakının bəzi küçələrində gördüyü epizodları rənglərə köçürmüşdü. Məktəbdən yayınan uşaqların arşın malı, xalça və s. satılan dükanlar qarşısında əyləşərək küçə əyləncələri ilə məşğul olduqlarını təbii və canlı şəkildə təsvir edən Reyhan xanımın bu əsəri dəfələrlə Azərbaycan sərgilərinin bəzəyi olmuşdur.

Hazırda Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında nümayiş olunan balerina Qəmər Almaszadənin portreti də rəssam Reyhan xanımın novator istedadının məhsuludur. Əsər 1939-cu ildə çəkilib. Elə o vaxtdan da müxtəlif sərgilərdə nümayiş etdirilib. Reyhan xanımla Qəmər xanım hələ orta məktəbdən bir-birini tanıyırdılar. Bu tanışlıq sonralar dostluğa çevrilmişdir. Teatr aləminə gəldiyi ilk gündən Azərbaycan baletini şöhrətləndirən Qəmər xanım məhz öz istedadı ilə Reyhan xanımın diqqətini cəlb etmişdi. Elə buna görə də bu əsər rəssamın ən uğurlu işlərindən biri sayılır. Xüsusi ustalıqla yaradılmış “Qəmər Almaszadənin portreti” uzun illərdən bəri sənətsevərlərin diqqətindədir.

Azərbaycan təsviri sənətinin inkişaf tarixində xüsusi xidmətləri olan Reyhan xanım Topçubaşova həm də milli geyimlərimizin bacarıqlı bilicisi kimi mahnı və rəqs ansamblları üçün geyim eskizləri hazırlamışdı. Eyni zamanda teatr və digər incəsənət müəssisələri üçün yüzlərlə geyim eskizi çəkmişdi.

Onun yaradıcılığında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə həsr edilmiş rəsmlər xüsusi yer tutur. Bu əsərlərin baxımlılığı isə Reyhan xanımın Azərbaycan ədəbiyyatını dərindən bilməsi və ədəbiyyata sonsuz sevgisindən irəli gəlir.

Böyük satirik şair Mirzə Ələkbər Sabirə həsr olunmuş əsərini də Reyhan xanım Topçubaşova həvəs və istedadla yaratmışdı. Əsər yarandığı ilk dövrlərdən keçmiş Partiya Tarixi Muzeyində yerləşdirilmişdi. Rəssam bu kompozisiya üzərində işləməmişdən əvvəl şairin həyatı və yaradıcılığı ilə yaxından tanış olmuşdur. Əsərdə Sabiri əhatə edən mühitin nə qədər ağır olduğu qabarıq tərzdə göstərilmişdir.

Reyhan xanımın yaradıcılığı keçmiş totalitar sovet ideologiyasının müəyyən təsirlərindən kənar deyildir. Rəssamın “Azərbaycan qadınlarının birinci nümayişi”, “1920-ci ildə Bakı Sovetinin təntənəli yığıncağı”, “Birinci azərbaycanlı qadın təşviqatçı Mina xala”, “Azad olmuş azərbaycanlı qadının xilaskarının portretini çəkərkən” kimi əsərləri bu qəbildəndir.

Çoxşaxəli yaradıcılığa malik Reyhan xanım Topçubaşovanın doğulub boya-başa çatdığı torpağın füsunkar gözəlliyini özündə təcəssüm etdirən bir neçə sənət əsəri - “Şahdağ”, “Dəniz” (Mərdəkandan görünüş), “Qayıq” və s. rəsmlərə qarşı həssaslığı və duyumluluğu zərif tərzdə müşahidə olunur.

Gözəl pedaqoq, musiqiçi və rəssam Reyhan xanımın çox nümunəvi bir ailəsi olmuşdur. Həyat yoldaşı – dünya şöhrətli alim, həkim-cərrah, bütün fəxri adların sahibi Mustafa bəy Topçubaşovla birgə uzun bir ömür yaşayan Reyhan xanımın ata və anasının başını daima ucaldan üç övladı olmuşdur. XX əsr Azərbaycan təbabət elmində və incəsənətində özünəməxsus yeri olan, qısa ömür yaşamış İbrahim Mustafa bəy oğlu Topçubaşov bu ailənin yeganə oğlu, uzun illər Tibb Universitetinin Mama-ginekologiya kafedrasında dosent vəzifəsində çalışmış Zemfira xanım və Azərbaycan Musiqi Akademiyasının dosenti vəzifəsində işləmiş Elmira xanım isə əkiz qızlarıdır.

Hərtərəfli istedad sahibi olmuş Reyhan xanım 1970-ci ildə, oğlu İbrahimin qəflətən vəfatından cəmi 8 gün sonra, uzun sürən xəstəlikdən sonra çox əsərlərində böyük ilhamla çəkib yaratdığı və vurğunu olduğu bu dünyadan köçdü.

Azərbaycan Milli İncəsənət Muzeyinin mədəniyyətimizi inkişaf etdirmək, zənginləşdirmək, gələcək nəsillərə çatdırmaq yönündə çox gözəl ənənələri vardır. Bu ənənəyə sadiq olaraq 1997-ci ildə görkəmli rəssam Reyhan xanım Topçubaşovanın 90 illik yubileyi muzeydə çox yüksək səviyyədə keçirildi. Rəssamın bu günlə səslənən əsərləri sərgiləndi. Bu yubiley tədbiri bir daha göstərdi ki, sənət və sənətkar ömrü əbədidir.

Nizaməddin ŞƏMSİZADƏ
Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor

Şəfa ƏLİYEV,
Əməkdar müəllim, dosent, akademik M.A.Topçubaşovun xatirə muzeyinin rəhbəri