Beynəlxalq Muğam Mərkəzində dekabrın 7-də “Yüksək ifaçılıq sənətinin ulduzları” silsiləsindən növbəti konsertdə İspaniyada yaşayan məşhur rusiyalı pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı proqramla çıxış etdi.

Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirən musiqiçi  XX yüzilliyin əfsanəvi musiqiçiləri – Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb. S.Sonun ifasında başlıca məfhum ideya, fikirdir. İfaçı üçün düşünmək yaratmaq deməkdir. Senya Son klassiklərin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir, Bax, Bethoven, Çaykovski, Dvorjak, Debüssi kimi bəstəkarların məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir.

Dünyanın hər bir nöqtəsində konsertləri anşlaqla keçən pianoçu-bəstəkarın Bakı konserti də böyük maraqla qarşılandı.

İki saat müddətində Bethoven, Şopen, Skryabin və Raxmaninovun və özünün bəstələrini qeyri-adi interpretasiyalarda təqdim edən ifaçını tamaşaçılar gur və sürəkli alqışlarla qarşıladılar.

1975-ci ildə Moskvada azərbaycanlı musiqiçi, cazmen Vaqif Mustafazadə ilə tanış olan Senya Son Bakıdakı konsertində bu görüşün xatirəsinə həsr olunan əsəri də ifa etdi. Konsertdə həmçinin SSRİ Xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısının fortepiano üçün işlənmiş variantı da səsləndi. Bu zaman BMM-in səhnəsində quraşdırılan ekranda Azərbaycana həsr olunan videorolik və görkəmli şəxsiyyətlərimizin fotoları yer aldı. Musiqiçi bu əsəri Azərbaycana sevgisi ilə əlaqələndirmişdi.

Pianoçu-bəstəkar Senya Sonun “Yeddi notun ekologiyası” adlı konsert proqramı ilk dəfə olaraq Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında canlı yayımlandı.

LALƏ