Musiqi məktəblərinin inkişafı, tanıdılması və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər görülməkdədir. Bu istiqamətdə atılan növbəti addım estrada sinfinin inkişafı ilə bağlıdır.
Dekabrın 10-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tanınmış mütəxəssislərin iştirakı ilə bununla bağlı müzakirələr aparılıb. Müzakirədə məktəbin direktoru Əziz Qarayusifli, Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Məryəm Babayeva, Xalq artisti, Bakı Musiqi Akademiyasının Vokal kafedrasının professoru Natəvan Şeyxova, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, caz festivalları laureatı Rövşən Rzayev və V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin direktoru, Əməkdar incəsənət xadimi Akif Süleymanbəyli iştirak ediblər.
Təqdim olunmuş tədris planının layihəsi müzakirə və təhlil olunub, təkliflər irəli sürülüb. Müzakirədə dəvət olunmuş mütəxəssislərlə yanaşı, məktəbdə estrada ixtisası üzrə fəaliyyət göstərən gənc müəllimlər də iştirak edib.
Sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev qonaqlara təşəkkür edib, respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində estrada sənəti sinfinin yaradılmasının əhəmiyyətindən danışıb, peşəkar mütəxəssislərlə birgə tədris proqramlarının yenilənməsinə və bu ixtisasın inkişaf etdirilməsi üçün ustad dərslərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.