Qədəmləri uğurlu olsun...
Son vaxtlaradək milli internet resurslarında kilimarası xalq tamaşa-oyun janrı haqqında məlumat axtararkən təxminən aşağıda gətirdiyimiz sitatdakına oxşar bilgilərlə rastlaşırdıq. Məsələn…
Kilimarası. Bu oyun Azərbaycan xalq teatrının müstəqil növlərindən biri olan kukla tamaşasıdır. Meydan tamaşalarının tərkibində olan, toy və bayramlarda ifa olunan kilimarası saz musiqisinin və mahnının müşayiəti ilə göstərilirdi. Oyunu göstərən şəxs kuklaları barmaqları və dizləri ilə hərəkət etdirərək tamaşanı göstərirdi. Bir nəfər kilimin arasına uzanır, iki nəfər isə kilimin yanlarından tutub yuxarı qaldırırdı. Kilimin bu hissəsi tamaşaçılar ilə kukla oynadanın arasını kəsirdi... Kilimarası tamaşalarında kuklaların geyimi sadə olurdu. Bu oyunlarda xalq həyatı və məişəti öz əksini tapırdı.
Amma heç bir ay deyil ki, kilimarası kəlməsi ilə internet şəbəkəsində axtarışa çıxarkən qarşımıza paytaxtımızda yeni yaranmış kukla teatrının adı və müvəffəqiyyətlə oynanılan hələlik yeganə tamaşası barədə məlumatlara da rast gəlirik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Maştağa qəsəbəsi Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində yaradılmış “Kilimarası” kukla teatrı noyabr ayında “Min bir gecə” nağılları əsasında hazırlanmış “Ələddin” nağıl-tamaşası ilə fəaliyyətə başlayıb.
Tamaşa öz yerində. Amma öncə ideya gəlmiş olmalıdır axı… Bu səbəbdən də tanışlığa elə ideyanın yaranmasından başlayırıq. Düzünə qalsa, belə bir yenilik gözlənilən idi. Təxminən iki il əvvəl qəsəbə mədəniyyət evinin köhnə binası özüldən söküldü və yerində üçmərtəbəli, müasir tələblərə cavab verən bina inşa edildi. 250 nəfər tamaşaçı tutan böyük salon, geniş səhnə burada, orkestrin müşayiəti ilə opera və ya digər musiqili tamaşadan başqa, istənilən janrda teatr tamaşası oynamağa imkan verir.
Müsahibimiz həm kukla, həm də aktyor oyunu üzərində qurulan maraqlı uşaq tamaşalarının müəllifi və quruluşçu rejissoru kimi tanıdığımız, “Kilimarası” kukla teatrının bədii rəhbəri Elşad Rəhimzadədir.
– Bu gün Bakının ətraf qəsəbələrində yaşayan əhalinin paytaxtın mərkəzində cəmləşmiş teatrlara getmək imkanı məhduddur. Biz düşündük ki, Maştağada peşəkar teatr kollektivi yaratmağa dəyər: həm məkan, texniki baza yaradıcı qüvvə var, həm də maraq göstərən kontingent. Digər tərəfdən, Maştağada milli mədəni ənənələrə sədaqət hissi qorunur, camaat canlı musiqiyə, ifaçı, aktyor ilə canlı ünsiyyətə meyillidir və incəsənətlə belə ünsiyyəti qiymətləndirməyi bacarırlar. Əvvəllər teatrların səyyar tamaşa oynamaq kimi planı var idi ki, orta məktəblərdə, klublarda öz tamaşalarını oynayırdılar. Amma indiki dövrün tələbləri başqadır. Və əgər teatr yaratmaq imkanı varsa, həmin teatrda çalışmağa hazır olan yaradıcı, texniki qüvvə varsa, bu işi görmək lazımdır.
– Milli mədəni ənənələrə sədaqət demişkən. Elə buna görə də teatrın adını “Kilimarası” qoydunuz?
– Bəli. “Kilimarası” Azərbaycan milli teatr növü, meydan teatrının bir janrıdır. Məqsədimiz odur ki, həm dünya, həm də Azərbaycan nağılları əsasında uşaqlar üçün kukla teatrı tamaşaları hazırlayaq.
– Artıq premyeranız baş tutub...
– Hələ o qədər də geniş reklam etməmişdik, amma ilk tamaşamızda salon dolu idi. Təbii ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə fəaliyyətə başlamışıq. İdarənin rəisi Cəlil Məlikov çox arzu edirdi ki, mədəniyyət idarəsinin nəzdində kukla teatrı yaradılsın. İki ay ərzində həm tamaşa üzərində işlədik, rəssamımız Rəşad Yaqubov həm dekorları hazırladı, həm də həyat yoldaşı, kuklaçı rəssam Rəvanə xanımla (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rəssamı – G.M.) birlikdə kuklaları düzəltdi.
– Teatrın aktyorları necə, peşəkarlardır, yoxsa həvəskarlar?
– Bir neçə peşəkar aktyor – Şəbnəm Cəbrayılova, Elçin Hacılı, Əhliman Ərşadlı “Kilimarası” teatrının ştatlı işçisidir. Biz qəsəbədə məktəblərdə olduq, Mədəniyyət mərkəzindəki müxtəlif dərnəklərin üzvləri ilə söhbət etdik. Yuxarı siniflərdə təhsil alan, aktyor sənətinə, kukla teatrına maraq göstərən, hətta teatr rəssamı olmaq istəyən, kukla tikməyi, düzəltməyi bacaran xeyli istedadlı yeniyetməni teatra cəlb etmişik. Peşəkarlar öz yerində, teatrın açılışına dəvət etdiyimiz qonaqlar bu uşaqların iki ay ərzində kuklanı idarə etmək məharətinə heyran qaldılar. Adətən bir aktyor kuklaçı olmaq üçün heç olmasa, bir-iki il vaxt sərf edir. Mən 22 il kukla teatrında işləmişəm, hələ də öyrənirəm. Seçdiyimiz uşaqlarda da təkcə kuklanı idarə etməyə deyil, həm də düzəltməyə böyük maraq var. İnanıram ki, zaman keçdikcə onların marağı daha da artacaq, bu sənəti daha dərindən öyrənəcəklər. Paşa Ağayev, Lalə Əliyeva, Gülay Şirili kimi məktəblilərin sənətə həvəsi, öyrənmək qabiliyyəti adamı heyran edir.
– Onsuz da Azərbaycanda kuklaçı aktyor ixtisası üzrə nə fakültə var, nə də ixtisas kursu. Kukla teatrına təyinat alan gənc aktyor hər şeyi sıfırdan öyrənir. Bir məqam da maraqlıdır. “Kilimarası” teatrının hədəfləri nədir?
– Hədəfimiz bayramdan-bayrama, əlamətdar günlər münasibətilə tamaşa hazırlayıb, konsert vermək yox, davamlı repertuarı olan teatra çevrilməkdir. “Kilimarası” hər həftə öz binasında tamaşa oynayan geniş repertuarlı, Maştağa və ətraf qəsəbələrin doğma teatr ünvanına çevrilməkdə iddialıdır.
– Onda təkcə balacalar üçün tamaşalar hazırlamaqla kifayətlənmək olmaz.
– Elədir. Bizim öhdəliyimiz budur ki, teatrın repertuarı davamlı yenilənsin, təkcə kiçikyaşlı məktəblilər üçün deyil, yeniyetmələr, böyüklər üçün tamaşalar hazırlasın. Məsuliyyətimiz böyük, istəklərimiz çoxdur. İlk növbədə Bakı Şəhər Baş Mədəniyyət İdarəsindən bizə böyük dəstək var. Artıq bir neçə mədəniyyət mərkəzində bizim “Ələddin” tamaşamızın göstərilməsinə dair göstəriş verilib. Əsas odur ki, qurmaq istədiyimiz tamaşalar üzərində çalışa biləcək yaradıcı heyətimiz var. Biz də yaradılan şəraitdən, yerli əhalinin uzaq yol getmədən, vaxt itirmədən canlı teatr tamaşasına baxmaq həvəsindən istifadə edərək “Kilimarası”nı yaşatmalıyıq.
Gülcahan MİRMƏMMƏD
P.S. Müsahibimlə görüşümüz şənbə günü baş tutmuşdu. Bazar günü isə “Ələddin” yenidən oynanılacaqdı. Mədəniyyət mərkəzindən çıxanda yolumu kassadan saldım. Məlum oldu ki, sabahkı tamaşaya artıq 200 bilet satılıb. Nə gizlədim, sevindim. Həm bu teatrı yaradan fədakarların, həm də tamaşaya baxacaq balacaların əvəzinə.