Hollivud Xarici Jurnalistlər Assosiasiyasının (Hollywood Foreign Press Association – HFPA) təsis etdiyi “Qızıl qlobus” mükafatına namizədlərin adları elan edilib.

“Oskar”dan sonra Amerika kinosunda ikinci nüfuzlu mükafat sayılan “Qızıl qlobus”a iddia edən ekran əsərləri arasında məşhur rejissorlar Kventin Tarantino, Martin Skorseze, Todd Fillips, Sem Mendesin 2019-cu ildə istehsal olunmuş filmləri var.

Bundan başqa, Çin mənşəli Amerika rejissoru Lulu Vanqın, fransız rejissoru Laca Linin, ispaniyalı Pedro Almodovaranın, Cənubi Koreya kinorejissoru Pon Çjun Honun filmləri “ən yaxşı xarici ölkə filmi” nominasiyasında namizəd göstərilib.

“Ən yaxşı aktyor” nominasiyasında Hollivudun ulduzları Eddi Mörfi, Leonardo di Kaprio, Antonio Banderas, Hoakin Feniks kimi məşhurların adları var.

“Ən yaxşı aktrisa” nominasiyasına Cennifer Lopes, Keti Beyts, Annet Beninq, Lora Dörn, Sirşa Ronan və Rene Zellveqerin namizədlikləri irəli sürülüb.

“Qızıl qlobus” mükafatlarının təqdimat mərasimi yanvarın 5-də Kaliforniya ştatındakı Beverli-Hillsdə keçiriləcək.

İLONA