Dekabrın 16-da “JW Marriott Absheron” hotelində “Azərbaycan inciləri”, “Gəncə – Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitabların təqdimatı keçirilib.
Yeni nəşrlər Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, “Paşa Həyat Sığorta” ASC-nin İdarə Həyətinin sədri Niyaz İsmayılov, layihə rəhbəri, Əməkdar jurnalist Musa Mərcanlı, “Gəncə – Nizami yurdu” kitabının elmi redaktoru, professor Əli Həsənov, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, layihənin önəmini vurğulayıblar.
Bildirilib ki, təqdim olunan kitablar hər bir azərbaycanlının ürəyində yaşatdığı tarixi əks etdirir. Son illər Azərbaycan mədəniyyətinin inkişafından söz açan natiqlər qeyd ediblər ki, bu inkişafın təməlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı siyasət dayanır.
Vurğulanıb ki, “Azərbaycan inciləri” kitabı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın dəstəyi ilə xüsusi olaraq UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası üçün fransız və ingilis dillərində hazırlanıb.
Qarabağ mövzusunda layihə çərçivəsində işıq üzü görən “Qədim və gözəl Qarabağ” kitabı 2016-cı ildə nəşr edilmiş “Qarabağ – əsrlərin salnaməsi”nə ictimaiyyətin xüsusi marağı nəzərə alınaraq çap edilib. Azərbaycanın ikinci böyük şəhəri, tarixi və mədəni irsi zəngin, bir çox dahilərin vətəni olan Gəncə haqqında isə “Gəncə – Nizami yurdu” adlı kitab hazırlanaraq oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, “İrs” layihəsi çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi” adlı kitablar işıq üzü görüb.