Azərbaycan Aşıqlar Birliyinin (AAB) hazırladığı “Klassiklər və müasirlər” adlı aşıq havalarından ibarət audio albom işıq üzü görüb. Albomda həm klassik ustad aşıqların lent yazılarına, həm də müasir aşıqların ifalarına yer ayrılıb.
AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Aşıqlar Birliyi üçün ayrılan maliyyə vəsaiti hesabına hazırlanan albomda klassik ustad aşıqlardan Dədə Şəmşir, İslam Yusifov, Hüseyn Cavan, Əmrah Gülməmmədov, Şakir Hacıyev, Nabat Cavadova, İmran Həsənov, Hüseyn Saraçlı, Məmmədağa Babayev, Mikayıl Azaflı, İsfəndiyar Rüstəmov, Kamandar Əfəndiyev, Əkbər Cəfərov, Ədalət Nəsibov və Pənah Pənahovun repertuarından məşhur ifaları yer alıb.
Diskdə həmçinin əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı, Əhliman Şirvanlı və Samirə Əliyevanın, eləcə də Səlim Göyçəli, Əli Tapdıqoğlu, Qələndər Zeynalov, Altay Məmmədli, İlham Aslanbəyli, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Şaiq İncəli, Nəbi Nağıyev, Nazim Quliyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Avdı Musayev, Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında aşıq havaları toplanıb.