Kitablar, əsərlər, filmlər, ssenarilər...Hər bir film kitab kimi bir əsər, hər bir kitab isə film kimi bir hekayədir deyirlər. Bəzən filmlər ssenaridən, bəzən isə elə sevilən, dillər əzbəri olan kitabların sayəsində yaranar. Son dövrlərdə roman və avtobioqrafik əsərlər üzrə çəkilən filmlərə maraq üstünlük təşkil edir. Onlardan hansının uğurlu olduğunu demək də bir az çətindir. Lakin kino mütəxəssisləri son dövrdə ədəbi əsərlərin motivləri üzrə ekranlaşdırılmış ən yaxşı 7 filmin adını açıqlayıblar...

Bu sırada ilk yerdə  2016-cı ildə Pola Honkinsin “Qatarda qız” romanı əsasında çəkilən film gəlir. Ekran əsəri sirlərlə dolu detektivdir, lakin bununla belə, onu psixoloji triller də adlandırmaq olar. Əsərin baş qəhrəmanı Reyçelin ağır bir taleyi var. O, ərindən ayrılıb, işini itirib və içkiyə aludə olub. Onun bir əyləncəsi var – qatarla Londona gedib, orada, sadəcə, veyllənmək. Qonşuları isə düşünür ki, onun işləri qaydasındadır və o hər gün işə gedir. Qatarla gedərkən o, yeni evliliklə xoşbəxt olan keçmiş ərinin evini müşahidə edir. Amma qonşu ev də onun diqqətini çəkir, Reyçel hesab edir ki, orada ideal bir ailə yaşayır. Günlərin birində ideal evin sahibəsi Cess yoxa çıxır və bu barədə bütün qəzetlər yazırlar. Reyçel də həmin ərazidə baş vermiş bir hadisənin şahidi olur...

40-dan çox dildə nəşr olunmuş əsərin ümumi tirajı 3 milyonu ötüb. ABŞ istehsalı olan filmin rejissoru isə Teyt Teylordur.

Sıralamada ikinci yeri Amerika yazıçısı Deyv İqqersin eyniadlı əsəri əsasında lentə alınan “Kral üçün holoqram” filmi tutur. Alan Kley uğurlu biznesmendir. Ancaq onun biznesi iflasa uğramaq üzrədir. O, bütün problemlərdən qaçmaq üçün Səudiyyə Ərəbistanına yola düşür. Onun niyyəti yeni texnoloji layihəsini reallaşdırmaqdır. Lakin kralla görüşü gözlədiyi müddətdə o özü üçün sirli ərəb dünyasını kəşf edir.

Almaniya, ABŞ, Fransa, Böyük Britaniya kinematoqrafçılarının birgə ərsəyə gətirdiyi filmin rejissoru Tom Tıkverdir, baş rolda Tom Henks çəkilib.

Üçüncü yerdə Stiven Kinqin “O” romanı əsasında çəkilən, 2017-ci ildə ekranlara çıxan film gəlir. Stiven Kinq əsərləri ən çox oxunan, ekranlaşdırılan və səhnələşdirilən müasir Amerika yazıçılarındandır. “Warner Bros” kinostudiyasının çəkdiyi filmin rejissoru Andres Muskettidir. “O” dramatik qorxu filmi şəhər kanalizasiyasında yaşayan, gücünü qorxudan, pərişanlıqdan və nifrətdən alan, kloun Pennivayz obrazındakı naməlum məxluqdan və onun öldürmək istədiyi bir qrup uşaqdan bəhs edir.

Növbəti film amerikalı pilot-konstruktor Çesli Sallenberqerin “Salli” avtobioqrafik kitabının əsasında lentə alınan “Qudzonda möcüzə” filmidir. Filmin rejissoru Klint İstvuddur, baş rollardan birini isə Tom Henks oynayır. Filmdə təyyarənin qəza zamanı Qudzon çayının üzərinə endirilməsindən bəhs edilir.

2016-cı ildə ekranlara çıxan “Aslan” filminin rejissoru Hard Devisdir. 5 yaşlı hindli uşaq qardaşının geri dönməsini gözləyən zaman qatar vaqonunda yatıb qalır. Oyanan zaman evindən minlərcə kilometr uzaqda Kəlküttə şəhərində olduğunun fərqinə varan Saroo böyük mübarizələrdən sonra avstraliyalı bir cütlük tərəfindən övladlığa götürülür. İyirmi beş il sonra Saroo ailəsini tapmaq üçün səfərə çıxır.  Film Sara Brayerlinin “Evə aparan uzun yol” avtobioqrafik əsəri əsasında lentə alınıb.

2016-cı ildə Jojo Moyesin “Səndən öncə mən” əsəri əsasında britaniyalı rejissor Tea Şerrok “Səninlə görüşənədək” adlı filmi ərsəyə gətirib.  Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib, indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir.

Nəhayət, kino mütəxəssislərinin sıralamasındakı yeddinci filmi 2015-ci ildə amerikalı rejissor Adam Makkey Maykl Luisin “Böyük oyun. Maliyyə qəzalarının məxfi yayları” kitabı əsasında çəkib. Ekran əsəri 2016-cı ildə ən yaxşı ssenari kateqoriyasında “Oskar” mükafatını qazanıb.

Lalə AZƏRİ