“Bu gün bu məqsəd uğrunda çalışmaq bizə nəsib olub”
Birlikdə hərəkət edərək tək ürək, tək bilək ola biləcəyimiz, problemlərimizi birgə həll edə biləcəyimiz bir qurumun yaradılması faydalıdır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu sözləri dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclasında deyib.
O vurğulayıb ki, ötən əsrin əvvəlində Mustafa Çokay, İsmayıl Qaspıralı, Yusuf Akçura, Əli bəy Hüseynzadə başda olmaqla, bir çox türk ziyalısı türk xalqları arasında əlaqələri gücləndirərək bir-birinə daha da yaxınlaşdıracaq dildə, fikirdə, işdə birlik düşüncəsi prizmasında Türk Birliyini xəyal etməyə başlayıblar: “Bu xəyal bəzi səbəblərdən iflasa uğrasa da, bu gün bu məqsəd uğrunda çalışmaq bizə nəsib olub”.
TBMM-in sədri bu istiqamətdə qanunvericilik sahəsində əlbir fəaliyyətin önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, ilk dəfə üzv ölkələrə təqdim edilmək üçün iki ayrı model qanun tərtib olundu. Azərbaycan Milli Məclisinin hüquqşünasları tərəfindən “Turizm haqqında” və Türkiyə Böyük Millət Məclisinin hüquqşünasları tərəfindən “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanunların hazırlanması bu baxımdan yeni başlanğıcdır.
Mustafa Şentop tədbirdə Özbəkistan parlamenti təmsilçilərinin qonaq qismində iştirakını da alqışlayaraq artıq 11 yaşına çatan bu qurumun ortaq tarixi, dili və mədəniyyəti olan türk xalqlarının birliyinin simvoluna çevrildiyini deyib.
Qeyd edək ki, iclasda quruma sədrlik Türkiyədən Azərbaycana keçib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov sədrliyi dövründə səmərəli fəaliyyət göstərmiş Mustafa Şentop başda olmaqla Türkiyə Böyük Millət Məclisinə təşəkkürünü bildirib. Qeyd edib ki, üçüncü dəfədir TÜRKPA-nın əsas tədbirləri Bakıda keçirilir. Siyasi, iqtisadi, mədəni və digər əlaqələrimizin inkişafına bu qurumun verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir.
Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Jumabekov çıxışlarında dünyanın geosiyasi xəritəsində türkdilli xalqların yerinə və roluna toxunublar. Bölgədə təhlükəsizliyin təmin edilməsi ən vacib məsələ kimi önə çəkilib. Vurğulanıb ki, TÜRKPA çərçivəsində ortaq fəaliyyət türk dünyasının inkişafına dəstək verəcək.
Qazaxıstan və Qırğızıstan parlamentlərinin spikerləri sosial, mədəni, humanitar sahələrdə nəzərdə tutulan tədbirlərdən də ətraflı söhbət açıblar. Yaxın gələcəkdə Özbəkistan və digər türkdilli dövlətlərin TÜRKPA sırasına qoşulacağına ümid ifadə edilib. İclasın sonunda “Bakı Bəyannaməsi” qəbul olunub.