Teatr və konsert müəssisələri rəngarəng repertuar vəd edir

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Deməli, vətəndaşlarımız əlamətdar bayramlarla əlaqədar azı bir həftə istirahət edəcəklər. Sözsüz ki, tamaşasız, konsertsiz istirahətin nə dadı...

Paytaxtdakı teatr və konsert müəssisələri dekabrın son və yanvarın ilk günlərini daha maraqlı və yaddaqalan etmək istəyənlər üçün əla fürsət yaradır. Xüsusilə də uşaq və yeniyetmələri rəngarəng proqram gözləyir.

İlk olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından başlayaq. Kollektiv dekabrın 25-i və 29-da P.Çaykovskinin “Şelkunçik” baletinin tamaşasını təqdim edəcək.

Hər dəfə Yeni il ərəfəsində bu baleti repertuarına daxil edən teatr bununla bir növ estafeti digər teatrlara ötürür. Onu da qeyd edək ki, “Şelkunçik” həm uşaqların, həm də yaşlı izləyicilərin həvəslə seyr etdikləri bir tamaşadır. Səhnə əsərində balet truppasının aparıcı solistləri – əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və başqaları çıxış edəcəklər.

***

Akademik Milli Dram Teatrının yaradıcı heyəti də maraqlı səhnə nümunəsi vəd edir. Kollektiv uşaqların görüşünə “Şaxta baba və Befan nənələr” əsəri əsasında hazırlanan tamaşa ilə gələcək. Müəllifi və quruluşçu rejissoru Emil Əsgərov olan tamaşanın səhnə tərtibatı İlham Əsgərova, musiqi tərtibatı Kamil İsmayılova, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur. Tamaşada Şaxta baba, Qar qız, Befan nənələr, Şrek, Panda, Pinqvin kimi nağıl qəhrəmanlarından ibarət səhnə işi nümayiş olunacaq.

Tamaşa dekabrın 27-dən yanvarın 6-dək hər gün 4 seansda (10.00, 12.00, 14.00, 16.00) nümayiş olunacaq. Rolları əməkdar artistlər Mətləb Abdullayev, Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, Dilarə Nəzərova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Elçin Hacıyev, Əlləz Əhmədov, Əminə Cəfərova, Vüsal Məmmədov və Firuzə Balayeva ifa edəcəklər.

***

Akademik Musiqili Teatr öz ənənəsinə sadiq qalaraq bu il də fərqli proqram tərtib edib. Kollektiv yenə bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşasını təqdim edəcək. Macəra dolu Yeni il tamaşası 27 dekabrdan yanvarın 5-dək hər gün dörd seans olmaqla (10.30, 12.30, 14.30, 16.30) nümayiş olunacaq.

Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və teatrın balet truppasının rəqsləri ilə zövqoxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

***

Gənc Tamaşaçılar Teatrı 26 dekabr – 5 yanvar tarixlərində (12.00, 14.00, 16.00, 18.00) özünü rəngli nağıllar aləmində təsəvvür etmək istəyənlər üçün “Qrinç” tamaşasını təqdim edəcək.

Rejissor Elşad Rəhimzadənin quruluşunda hazırlanan tamaşada fərqli dizayn və maraqlı nağıl dünyası uşaqlara əsl Yeni il ab-havası bəxş edəcək. Bayram günlərində teatrın foyesində Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları ilə görüş də təşkil olunacaq.

***

Rusdilli tamaşaçıların sənət ünvanı – Akademik Rus Dram Teatrı bayram günlərində uşaqları nağıllar aləminə səyahətə səsləyəcək. Balacalar “Ələddin, şahzadə Jasmin və Cinin macəraları” tamaşasını izləmək imkanı qazanacaqlar.

“Ələddinin sehrli çırağı” nağılının motivləri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, xoreoqrafı Raulya Türkan, dekor rəssamı Aleksandr Fyodorov, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Rənglərin səhnə rəqsi olan tamaşa dekabrın 28-dən yanvarın 4-dək 2 seansla (12.00, 15.00) nümayiş olunacaq.

***

Hər il fərqli səhnə nümunələri təqdim edən Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bu dəfə “Qış karnavalı” göstəriləcək.

Rəngarəng dekorasiya və geyimli, işıq və səhnə tərtibatlı nağıl-tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, rəssamı İqbal Əliyevdir. Yeni ilin əsas personajları ilə yanaşı, məşhur nağıl qəhrəmanlarının moskot və parket kuklalarla şousu olan tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gün 4 seans (12.00, 14.00, 16.00, 18.00) olmaqla təqdim ediləcək.

***

Bu mövsümdən paytaxtımızda yeni binada fəaliyyətə başlayan Şuşa Dövlət Musiqili Dram Teatrı da balaca tamaşaçılarını səhnə sovqatı ilə qarşılayacaq. Yazıçı-publisist Ağaddin Babayevin əsəri əsasında “Nağıllar aləmində” tamaşası 29 dekabr – 5 yanvar tarixlərində 3 seansda (12.00, 14.00, 16.00) göstəriləcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın baş rejissoru  Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rəqslərin quruluşçusu Təranə Əliyevadır.

***

Teatrlarımızla yanaşı, konsert müəssisələri də bayram günləri üçün repertuarına xüsusi diqqət yetirib.

Hər dəfə Yeni ildə böyük şənlik və rəngarəng konsert proqramları ilə balacaları bir yerə toplayan Heydər Əliyev Sarayı yenə ənənəsinə sadiq qalıb. Dekabrın 29-da paytaxtımızın baş səhnəsində uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə “Yeni il simfoniyası” nağıl-tamaşası təqdim olunacaq.

Simfonik orkestrin müşayiəti ilə baş tutacaq musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət edəcəklər. Cavad Tağızadənin dirijorluğu ilə nümayiş olunacaq musiqili nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdur.

Yaradıcı heyət yanvarın 2-də isə uşaqlar üçün musiqili, əyləncəli, interaktiv Yeni il karnavalı keçirəcək. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərlə müşayiət olunacaq rəqslər, “Zima” beynəlxalq uşaq musiqi festivalı iştirakçılarının ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatacaq.

Bayram tətilinin son günlərində – 4 və 5 yanvar tarixində isə Heydər Əliyev Sarayında “Qar Kraliçası və yeddi gözəl” interaktiv musiqili tamaşası təqdim ediləcək. Uşaqlar bu dəfə Malifisenta, Avrora, Zoluşka, Anna, Mulan, Bel və hətta təkrarolunmaz qardan adam – Olaf ilə tanış olacaqlar.

***

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı da yaddaqalan proqram tərtib edib. 28-31 dekabr tarixində saat 13.00-dan 16.00-dək teatrın səhnəsində bayram ab-havası yaşanacaq. Uşaqları ətrafına yığacaq şənlikdə bayramın əsas personajları ilə yanaşı, məşhur nağıl qəhrəmanlarının təqdimatında səhnəciklər göstəriləcək, mahnılar ifa olunacaq.

***

Bakı Dövlət Sirki isə il sonuna “Buz krallığı” adlı maraqlı proqram hazırlayıb. Möhtəşəm sirk şousu dekabrın 27-dən tamaşaçılara təqdim olunacaq. Proqrama yeni təqdimatda qeyri-adi lazer və işıq effektləri, əhliləşdirilmiş heyvanlar, hava gimnastları, akrobatlar, jonqlyorlar, illüziya, motosiklet və şən klounlar daxildir. Bütün bunlar buz üzərində tamaşaçılara təqdim ediləcək.

HƏMİDƏ