Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Bakı Xoreoqrafiya Akademiyasında silsilə tədbirlər keçirilib. Tədbirlərdən biri də “Milli xoreoqrafiya sənətinin görkəmli ustadı” mövzusunda elmi sessiyadır.
Sessiyadan öncə BXA-nın tam orta məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Xalq artisti Yusif Qasımov, Əməkdar artist Səbinə Qasımova, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya, Əməkdar müəllim Pullumb Ağalıyay, müəllimlər Yekaterina Mustafayeva və Pərvin Nəcəfovanın quruluş verib hazırladıqları proqramda milli və klassik rəqs nömrələri yer alıb.
Sonra Əminə Dilbaziyə həsr olunmuş sərgi açılıb. Sərgidə sənətkara məxsus səhnə geyimləri, rəqqasənin təsvir olunduğu rəsm və xalça, haqqında yazılmış kitablar, mükafatları, foto materiallar və s. nümayiş etdirilib.
Elmi sessiyada BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov, Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın elmi tədqiqat laboratoriyasının elmi işçiləri Rauf Bəhmənli, Nigar Bayramova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı Emil Ağayev görkəmli sənətkarın yaradıcılıq fəaliyyətinə dair məruzələrlə çıxış ediblər.
BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin moderatorluğu ilə keçən elmi sessiyada sənətkarın qızı – Florida Texnoloji İnstitutunun Fortepiano kafedrasının professoru, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin təsisçisi və art direktoru Pərvin Muradova-Dilbazi, xalq artistləri Yusif Qasımov, Cəmilə Bayramova, Roza Cəlilova, eləcə də Ə.Dilbazinin yaratdığı əfsanəvi “Çinar” rəqs ansamblının üzvü Mədinə İsmayılova sənətkar haqqında xatirələrini bölüşüblər.