Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə “Prezident kuboku” turnirinin final matçı və üçüncü yer uğrunda qarşılaşma keçirilib.
Finalda “Buta Golden” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Omar” klubu ilk dəfə kuboka sahib olub. Üçüncü yer uğrunda görüşdə “Polad” komandası “Sərhədçi”ni məğlub edib – 5:0.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan final qarşılaşmasını izləyiblər.
Final matçından sonra qaliblər və turnirin ən yaxşı idmançıları mükafatlandırılıb. Turnirin ən yaxşı oyunçusu Rauf Tahirov (“Omar”), ən yaxşı atı isə “Şaban” ləqəbli at elan edilib.
ARAF-ın prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə keçirilən “Prezident kuboku” turnirinə dekabrın 13-də start verilmişdi. Yarışların qrup və dörddəbir final mərhələlərinin oyunları Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunlar Mərkəzində keçirilib. Qrup mərhələsində 12 komanda 4 qrupda mübarizə aparıb. Binə Atçılıq Mərkəzinin qapalı manejində oynanılan yarımfinal görüşlərində isə “Omar” komandası “Polad”ı 2:1, “Buta Golden” isə “Sərhədçi”ni 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.