UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk UNESCO klublarının təqdimat mərasimi keçirilib.
Mərasimdə məlumat verilib ki, bu il Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Avropa liseyi və 20 saylı ümumtəhsil məktəbində UNESCO klubları yaradılıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna rolunu vurğulayıb. UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək 1994-cü ildə yaradılan komissiyanın fəaliyyəti barədə danışıb. O, ölkəmizdə UNESCO klublarının yaradılmasının Azərbaycanın təşkilatla əlaqələrində yeni səhifə olduğunu deyib.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev UNESCO-nun gənclər mövzusuna önəm verdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən gənclər və idman siyasətindən bəhs edib.
Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə mədəniyyət sahəsində, xüsusən də maddi və qeyri-maddi irsin qorunması sahəsində Azərbaycan–UNESCO əməkdaşlığından bəhs edib və klubların yaradılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan-UNESCO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.