Dekabrın 23-də Akademik Milli Dram Teatrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ƏSA teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub. Dövlət və hökumət rəsmilərinin qatıldığı tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Premyeradan əvvəl Leyla Əliyeva teatrın foyesində açılan sərgi ilə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış və görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı haqqında məlumat verilib. Kitabda 18 müəllifin 100-ə yaxın şeiri toplanıb. Həmçinin görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan “Danışan kitab” və “Danışan rəng” layihələri nümayiş olunub.
Nazir Sahil Babayev diqqətə çatdırıb ki, ƏSA teatrı ilə əməkdaşlıq çərçivəsində hələ ötən ilin dekabrında “Göy quş” tamaşasının, “Nəsimi ili”nə töhfə olaraq bu ilin oktyabr ayında isə “Nəsimi” antreprizasının uğurlu təqdimatları olub.
ƏSA teatrının “And” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb. Quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lerman olan tamaşada iştirak edən 14 aktyordan 9 nəfəri əlilliyi olan şəxslərdir. Rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Quliyev, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Rəsul Zəkiyev, Günay Məmmədova, Orxan Əliyev, Fərid Əliyev və Bəhram Rəhimli ifa ediblər.