Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan daha bir tədbir ölkəmizin Gürcüstandakı səfirliyində keçirilib.
Tədbirdə paytaxt Tbilisi ilə yanaşı, Rustavi və Marneuli şəhərlərindən, Qardabani, Bolnisi, Kaspi rayonlarından gəlmiş ziyalılar, tələbələr iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək şairin yaradıcılığından danışıb. Bildirib ki, “Nəsimi ili” çərçivəsində təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də silsilə tədbirlər keçirilir.
Sonra Nəsiminin 650 illiyinə həsr olunan “Məndə sığar iki cahan” adlı videoçarx nümayiş etdirilib.
Professor Mahmud Hacıxəlilov Nəsiminin həyat və yaradıcılığının müxtəlif dövrləri barədə məruzə ilə çıxış edib. Bildirib ki, Nəsimi Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük mütəfəkkirdir.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, yazıçı-publisist Əli Abbas, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Akif Xansultanlı, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və başqaları çıxış edərək böyük şairin yaradıcılığı, ictimai fikir tarixində rolu barədə fikirlərini bölüşüblər.