Bu il Moldova Respublikası Qaqauz Yeri muxtar qurumunun yaradılmasının 25 ili tamam olur. Bu münasibətlə Qaqauz Yerinin inzibati mərkəzi Komrat şəhərində və İstanbulda mərasimlər təşkil edilib.

Komratda təşkil edilən toplantıda Qaqauz muxtariyyətinin rəhbəri İrina Vlax, Türkiyə-Moldova Parlamentlərarası dostluq qrupunun sədri Mehmet Altay, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer, Qaqauz Xalq Məclisinin sədri Vladimir Kısa, Moldovanın sabiq dövlət başçısı Petru Luçinski və çox sayda qonaqlar iştirak edib.

İrina Vlax burada etdiyi çıxışında Qaqauz Yeri muxtariyyətinin 23 dekabr 1994-cü ildə elan edildiyini bildirib: “Qaqauz xalqı çox uzun və çətin bir yol keçdi. 25 ildir ki, qaqauzlar Moldovada bir millət olaraq tanınır. Ona görə də bu gün yalnız Qaqauziya deyil, bütün Moldovanın bayramıdır”.

Türkiyə-Moldova Parlamentlərarası dostluq qrupunun sədri Mehmet Altay isə çıxışında Türkiyənin Qaqauziyada bir sıra layihələr həyata keçirdiyini və qaqauz xalqına dəstək verməyə davam edəcəyini söyləyib.

Qaqauz Yerinin 25 illiyi ilə bağlı İstanbulda təşkil olunan tədbirdə Maltəpə Bələdiyyəsinin başqanı Ali Kılıç, Türkiyənin Azərbaycanda və Moldovadakı keçmiş səfiri Hulusi Kılıç, Qaqauziyadan gələn qonaqlar, sənətkarlar və folklor qrupu iştirak edib.

Hulusi Kılıç bildirib ki, Moldovada diplomatik fəaliyyəti dönəmində Qaqauz Yerində önəmli işlərin təşəbbüsçüsü və təşkilatçısı olub: “Azərbaycandan sonra Qaqauz elində soydaşlarımıza xidmət etmək imkanı məni hər zaman xoşbəxt edib”.

Çıxışlardan sonra Qaqauz musiqi topluluğu xalq rəqsləri və mahnılarını ifa edib.

Mehparə SULTANOVA
Ankara