“Əl-Cəzirə” Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin telekanalın “Müsafir” proqramında yayımı davam edir.
Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən tədbirdə məlumat verilib. Qeyd olunub ki, filmlər Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, qədim ənənələri, yaşam tərzi və turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər biri 25 dəqiqədən ibarət olan 5 film, Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. İyunun 20-dən iyulun 12-dək Azərbaycanda səfərdə olan “Əl-Cəzirə”nin “Müsafir” proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Noyabrın 29-dan başlayaraq hər şənbə günü nümayiş olunan filmlər sosial şəbəkələrdə də yayılaraq böyük maraq doğurub. Filmin Naxçıvanla bağlı növbəti bölümü dekabrın 21-də efirə gedib.
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında tanıdılması baxımından filmlərin önəmini qeyd edib: “Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan “Müsafir”in peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən qürur duyuruq. Bu, yüksək peşəkar komanda tərəfindən ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən beynəlxalq sənədli filmdir. Proqramın aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir”. Diqqətə çatdırılıb ki, BAMF “Əl-Cəzirə” Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir.
Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Quliyeva çıxış edərək Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu kimi uğurlu layihələrinin milli mədəni incilərimizin, mədəniyyətimizin təbliğində əhəmiyyətini vurğulayıb. Bildirib ki, Mədəniyyət Nazirliyi mədəniyyətimizə töhfə verən hər bir layihəyə dəstək olur və bu cür layihələrin davamlı olmasını diləyir”.