“Nəsimi ili” çərçivəsində silsilə tədbirlərdən biri də dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində (BMM) gerçəkləşib. “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii axşam Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatları tərəfindən təşkil olunub.
Əvvəlcə iştirakçılar BMM-in foyesində Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyanın videoyazısının nümayişi ilə başlayan tədbiri “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının sədri Yeganə Mahmudova və Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz giriş sözü ilə açıblar.
Daha sonra Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Yunus Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdəmir, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Xalq artisti Əbdül Mahmudov çıxış ediblər.
Tədbirin bədii hissəsində tanınmış sənətçilər, qiraət ustaları çıxış ediblər. Nəsimi irsini tərənnüm edən ifalar tədbir iştirakçılarına xoş anlar yaşadıb.