2019-cu il tarixi və mədəni dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsi olan muzeylərimiz üçün də yaddaqalan olub.

Ölkəmizin aparıcı muzeylərindən olan Azərbaycan Milli İncəsənət və Azərbaycan Milli Xalça muzeylərində il ərzində beynəlxalq layihələr, çoxsaylı tədbirlər, sərgi və təqdimatlar gerçəkləşdi. Sentyabrın 28-də Milli Xalça Muzeyində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi də bunlardan biridir. Noyabrın 27-də muzeydə açılan “Kəlağayı: ipək qanadlar” adlı sərgi də maraqlı sənət təqdimatı idi.

Azərbaycan Milli İncəsənət Muzeyi may ayında “Türkiyədən əsən meh”, iyun ayında “Alman incəsənəti” kimi maraqlı sərgi-təqdimatlarla yanaşı, MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabr ayında Bakıda keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminara da ev sahibliyi etdi. Milli İncəsənət Muzeyi ilə A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq memorandumu imzalandı.

Dekabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni ekspozisiyasının açılışı və mədəniyyət ocağının 85 illiyinə həsr olunmuş tədbir keçirildi. Mərasimdə fondlarında 130 mindən çox eksponat olan, 147 yaşlı milli teatrımızın tarixini özündə əks etdirən muzeyin fəaliyyətindən ətraflı söz açıldı.

Bu il yaranmasının 100 illiyini qeyd edən İstiqlal Muzeyində tarixi yaddaşımızla bağlı silsilə tədbir və layihələr keçirilib.

Başa çatan il xatirə-memorial muzeyləri də çoxsaylı sərgi və layihələr həyata keçiriblər. 1 oktyabrda ölkəmizin hələlik ən gənc muzeyi – Qara Qarayevin ev-muzeyi 1 yaşını qeyd etdi.

Xalq rəssamı Əzim Əzimzadənin və böyük ədib Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeylərinin əsaslı bərpadan sonra açılışı keçirildi.

Təəssüflə onu da qeyd edək  ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən dağıdılıb. İşğal olunmuş ərazilərimizdə 22 muzey, 4 rəsm qalereyası talan edilib...

SAVALAN