2020-ci ilin gəlişinə sayılı günlər qalıb. Dünyanın dörd yanında şəhərlər bu münasibətlə xüsusi olaraq bəzənir, bayram əhvalı yaşayır. Gözəl paytaxtımız Yeni ilə necə hazırlaşır? Bu suala cavab tapmaq məqsədilə şəhərin bəzi məkanlarına baş çəkdik.
İlk olaraq Sahil bağına üz tutduq. Yeni ilin gəlişi ilə bağlı parkda 13 metr hündürlüyündə yolka qoyulub. Yolkanın həndəvərində yerli sakinlərlə bərabər, turistlər də çoxluq təşkil edir. Adətən son zamanlar Bakının mərkəzi küçələrində ərəb turistləri daha çox görməyə alışsaq da, hazırda onlar bir qədər az gözə dəyir. Rusiya və Avropadan gələn turistlər Nizami küçəsində fotolar çəkdirirlər.
Sahil bağından Fəvvarələr meydanına doğru hərəkət edirik. Meydanda artıq ənənə halını almış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirilir. Tədbir Nərgiz Fondunun təşəbbüsü ilə ardıcıl olaraq artıq yeddinci ildir ki, təşkil olunur.
Bu il meydanda təxminən 40-a yaxın kiçik taxta köşk quraşdırılıb ki, onlardan yaxınlarınız üçün Yeni il hədiyyələri – suvenirlər, kitablar, şirniyyat və s. ala bilərsiniz. Burada rahat kafelərdə isinmək üçün bir fincan ətirli çay və ya qəhvə, yenicə hazırlanmış təzə şirniyyat məmulatı, həmçinin milli yeməklər təklif edilir. Hər gün əyləncə proqramı, konsert və bir çox başqa tədbirlər təşkil olunur ki, bu da təkcə bakılılar deyil, həmçinin paytaxtın qonaqları üçün gözəl əyləncə deməkdir. Ənənəyə görə, yarmarkalardan toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunur.
Daha sonra yolumuzu Bakının qədim məkanından – İçərişəhər ərazisindən salırıq. Qala divarları arxasında çadırlar qurulub, turistlərə, yerli əhaliyə milli mətbəximizə aid yeməklər və milli geyimlər təklif olunur. Burada Yeni illə bağlı müxtəlif növ bəzək əşyalarına rast gəlmək olur. Metronun “İçərişəhər” stansiyasında da yolka quraşdırılıb.
Sonuncu üz tutduğumuz məkan Dənizkənarı bulvar ərazisi oldu. Qeyd edək ki, bu il bulvarda Yeni il daha təmtəraqla qeyd olunacaq. Artıq Neftçilər prospekti boyunca və bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çilçıraqlarla bəzədilib. Bulvar boyunca müxtəlif, rəngarəng kompozisiyalar qurulur. Bayram günlərində bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq.
Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 metr olan tunel quraşdırılıb. Bulvarın müxtəlif yerlərində, o cümlədən “Ağ Şəhər bulvarı” ərazisində yolkalar qurulub.
Bayram günlərində bulvarda Yeni ilin bütün atributlarına rast gəlmək mümkün olacaq. Rəngarəng bəzədilmiş retro maşınlarla bulvarın müəyyən yerlərinə hərəkət edə bilərsiniz.
Bir neçə paytaxt sakini ilə həmsöhbət olub şəhərdə aparılan bayram hazırlığı barədə fikirlərini öyrəndik. Sakinlər şəhərin mərkəzində bu cür şəraitin yaradılmasını məmnunluqla qarşıladıqlarını bildirdilər.
Dekabr 31-i gecə yarısı isə paytaxtın Dənizkənarı park ərazisində möhtəşəm atəşfəşanlıq olacaq və Bakının müxtəlif hissələrindən görünəcək. Bir sözlə, Yeni ilin gəlişi ilə Bakıda “qış nağılı” ab-havası yaşanacaq.
Bu arada onu qeyd edək ki, paytaxtımızın teatr və konsert müəssisələri də Yeni ilə öz sənət töhfələrini verəcəklər. Şəhərimizin sakinlərini və qonaqlarını rəngarəng mədəni proqram gözləyir. Yeni iliniz mübarək!
Nurəddin MƏMMƏDLİ