Mərakeşin Rabat şəhərində V Məhəmməd Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsində “İnsanlıq şairi İmadəddin Nəsiminin 650 illik yubileyi” mövzusunda elmi simpozium keçirilib. Tədbir Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil edilib.
Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov çıxış edərək ölkəmizin İslam dünyası ilə tarixi əlaqələrindən söz açıb, müsəlman Şərqində fəlsəfi fikrin inkişafında müstəsna xidmətləri olan Əbülhəsən Bəhmənyar, Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlər və şairlərin ümumbəşər ədəbiyyatına verdiyi töhfələrdən danışıb.
İmadəddin Nəsimi haqqında məlumat verən diplomat, üç dildə - Azərbaycan, fars və ərəb dillərində mükəmməl əsərlər yaratmış dahi şairin yaradıcılığı və onun irsinin sufi fəlsəfi fikrinin formalaşmasında mühüm rolundan bəhs edib.
V Məhəmməd Universiteti Ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı, professor Cəmaləddin əl-Hani simpoziumda dinləniləcək elmi məruzələrin dahi şairin yaradıcılığının öyrənilməsi baxımından səmərəli olacağını söyləyib.
Sonra universitetin professorları məruzələrlə çıxış ediblər.