Noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayevin anadan olmasının 70 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə reallaşacaq tədbirdə rejissorun sənət yolundan söhbət açılacaq, çəkdiyi filmlərdən kadrlar nümayiş olunacaq.
Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilən Nicat Feyzullayev 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləyib. “Axırıncı aşırım”, “Qızıl qaz” bədii filmlərində rejissor assistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. “Küçələrə su səpmişəm” tammetrajlı filmlərinə quruluş verib. 2015-ci il mayın 4-də dünyasını dəyişib.