Ölkəmizdəki sabitlik, əmin-amanlıq bizim böyük nailiyyətimizdir
2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.
2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Bu, bizim böyük nailiyyətimizdir.
Prezident İlham Əliyev bu sözləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik müraciətində deyib.
Dövlət başçısının müraciətində diqqətə çatdırılır ki, ötən il respublikamızın beynəlxalq mövqeləri daha da möhkəmlənib. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib: “Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır”.
Prezident vurğulayıb ki, 2019-cu ilin noyabrında Bakıda 70 ölkədən gəlmiş dini liderlərin iştirakı ilə sammitin keçirilməsi ilə Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi bir daha özünü dünyaya təqdim etdi.
Dövlət başçısı qeyd edib ki, 2019-cu il Azərbaycanın tarixində həmçinin dərin islahatlar ili kimi qalacaq. Kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırıb. Ötən il ölkə iqtisadiyyatında artım davam edib, o cümlədən qeyri-neft sektoru 3 faizdən çox artıb: “Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə – 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir...
Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq”.
Ötən il həmçinin 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikildiyini qeyd edən Prezident əmin olduğunu bildirib ki, bu meyil 2020-ci ildə də müşahidə olunacaq və daha geniş miqyasda sosial və infrastruktur layihələri həyata keçiriləcək.
Prezident müraciətində Azərbaycandakı sabitliyin, görülən işlərin ölkəmizə gələn xarici qonaqların artım tempinə də müsbət təsir etdiyini deyib. Qeyd edib ki, 2019-cu il turizm sahəsində rekord il olub. Aparılan siyasət, ölkəmizin inkişafı, ölkəmizdə hökm sürən təhlükəsizlik, əmin-amanlıq, Azərbaycanda keçirdiyimiz böyük mötəbər tədbirlərin nəticəsində tarixdə ilk dəfə olaraq 3 milyondan artıq turist Azərbaycana səfər edib.