Kiş kəndindəki qədim alban məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları tarixi məkanlardan biridir.
2019-cu ildə Kiş məbədini 28 min 300 turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 1100 nəfər çoxdur. İl ərzində Kiş məbədinə dünyanın 76 ölkəsindən turist gəlib.
Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynovanın bildirdiyinə görə, ötən il məbədi ziyarət edənlərin 17 min 100 nəfəri xarici turist olub. Onların arasında İsraildən gələnlər çoxluq təşkil edib – 3 min nəfər. Bundan əlavə, ötən il Kiş məbədini Rusiyadan 1880, Almaniyadan 1860, Cənubi Koreyadan 1650 nəfər ziyarət edib.
Xatırladaq ki, eramızın I əsrinə aid Kiş məbədi Qafqazda xristianlığın yayıldığını rəmzləşdirən tikilidir. Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.